Ictimai Palata son sessiyasında aprelin 8-də mitinq keçirməklə bağlı qərar qəbul etdi. Elə sessiyada aksiya ilə bağlı səslənən təkliflərdə də vurğulanırdı ki, bu aksiya təşkilatçılardan böyük məsuliyyət tələb edir. Bu baxımdan IP 8 aprel mitinqini sıradan mitinq kimi yox, 2012-ci ildə xalq hərəkatının yeni bir mərhələsinə hazırlıq kimi dəyərləndirir.
Hələ mitinqin keçirilməsi ilə bağlı meriyaya müraciət olunmadığını deyən AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, 8 aprel aksiyası ilə bağlı yekun qərarlar yaxın günlərdə IP Koordinasiya Şurasının toplantısındakı müzakirələrdən sonra məlum olacaq. Aksiyanın konkret hansı məkanda keçiriləcəyinin də həmin müzakirələr zamanı məlum olacağını söyləyən H.Kərimov qeyd etdi ki, IP KŞ eyni zamanda aksiyaya hazırlıqla bağlı təşkilat komitəsinin tərkibini də müəyyənləşdirəcək: “Bu addımlar atıldıqdan sonra Ictimai Palata tam strukturu ilə aksiyaya hazırlığa başlayacaq. Təşkilata daxil olan partiyaların rayon şöbələrinin birgə toplantısı keçiriləcək”.
Aksiyada IP-də təmsil olunan siyasi qüvvələrdən savayı hansı təşkilatlara müraciət olunacağına gəlincə, H.Kərimov bildirdi ki, IP-nin aksiya tələblərini bölüşən istənilən siyasi təşkilatla əməkdaşlığa hazırdırlar.
Informasiya şöbəsi