100-ə yaxın mağaza alova büründü
Dünən paytaxtın 8-ci km yaşayış sahəsində yerləşən “Maşın bazarı”nda güclü yanğın olub. Hadisə şahidlərinin sözlərinə görə, yanğın “Qarabağlılar” kafesinin arxasından keçən elektrik xətlərində yaranan qısa qapanmadan baş verib. Yanğının təxminən axşam saat 20.40 radələrində başladığı bildirilir.
Qısa zamanda yanğın maşın bazarındakı mağazaları da bürüyüb. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub. Yanğından xəbər tutan mağaza sahibləri bazara axışdığından Babək prospektində böyük tıxac yaranıb.
Qəzet çapa hazırlanarkən (saat 23.45) bəzi saytlarda FHN-ə istinadla yanğının söndürüldüyü bildirilsə də, hadisə yerində olan mağaza sahiblərdən biri bunu təkzib edirdi: “Alovun yayılmasının qarşısı alınsa da, yanğın hələ söndürülməyib”. Mağaza sahiblərindən biri yanğının çox böyük ərazini əhatə etdiyini bildirdi. Onun sözlərinə görə, 40-dan artıq mağaza yanıb. Ancaq bəziləri 100-ə yaxın mağazanın yandığını deyir. Mağaza sahiblərinin bəziləri mallarının bir hissəsini çıxara bilib.
Mağaza sahiblərindən bəzilərisə yanğının qəsdən törədildiyini iddia edir.
Ölən və xəsarət alan yoxdur.
Yanğınla bağlı rəsmi məlumat yoxdur. Nazirliyin strukturu olan Dövlət Yanğından Mühafizə Xidmətinin saytında (http://dymx.fhn.gov.az/) “Maşın bazarı”ndakı yanğınla bağlı gecə saat 12-dən sonra da heç bir xəbər yerləşdirilməmişdi.