Vidadi Mirkamal: «Azərbaycanda keçirilən hər seçki ölkəmizə üz qarasıdır»
Avropa Məhkəməsi iyunun 30-da daha 18 iş üzrə qərarlarını elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev feysbuk səhifəsində məlumat yayıb. Vəkil yazır ki, işlərdən 13-ü onun müdafiə etdiyi şəxslərlə bağlıdır. Vəkil bildirir ki, kompensasiya hamıya eynidir və ümumi məbləğ 165 min avrodur.
Şikayətləri təmin olunan şəxslər isə Məmməd Ibrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, Inqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli, Bəhruz Həsənovdur.
Eyni zamanda Avropa Məhkəməsi 4 seçki işi ilə bağlı qərarlarını elan edib. Şikayətçilər – Nurəddin Məmmədli, Dünyaxanım Cərullayeva, Iltizam Əkbərli, Nabatəli Pələngovdur (Qulamoğlu).
Hər şikayətçiyə 10 000 avro (ümumi 40 min avro) və ümumilikdə hüquqi yardım üçün 4 000 avro təyin edilib (cəmi 44 000 avro). Birinci 3 işdə nümayəndə Intiqam Əliyevdir.
Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə qərar da elan edib və kompensasiyanın məbləği 20 900 avrodur.
Avropa Məhkəməsinin seçkiylə bağlı qəbul etdiyi qərarları cərimə baxımından rellaşdırılsa da, MSK, DSK üzvlərinin cəzalandırılması, mandatın ləğvi, yenidən araşdırma həyata keçirilmir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, Azərbaycan miqyasında keçirilən seçkilərdə heç bir fərq olmayacaq. Çünki hakimiyyətin seçkilərə yanaşması məlumdur: “Azərbaycanda seçki sistemi budur. Bizdə seçkini Məzahir Pənahovun rəhbərlik etdiyi qurum keçirir və seçki tam yanlış metodlarla idarə olunur. Avropa Məhkəməsi və digər təssiatlar cəza orqanı deyil. Ona görə ATƏT, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq müşahidə təşkilatları seçkilərdə olan qanunsuzluqları qeydə alırlar. Daha sonra isə Avropa Məhkəməsi bir sıra dairələrdə baş verən pozuntuları nəzərə alaraq seçkinin nəticələrini tanımır və Azərbaycan hakimiyyətini cərimələyir”.
V.Mirkamal bildirdi ki, Milli Şura rəhbərliyi də beynəlxalq təşkilatlarla görüşlərində bu məsələni qaldırır, bu prosesin qarşısının alınmasını tələb edir. Yəni seçkilər saxtakarlıqla keçirilir, beynəlxalq qurumlar bunu qeydə alır, daha sonra hüququ pozulanlara təzminat ödənilir: “Düşünürük ki, Milli Şura olaraq qarşıdun gələn seçkilərlə bağlı sənədlər işləyib hazırlayaq. Yaranmış qapalı dairədən çıxmaq lazımdır. Belə getsə, ölkədə demokratik seçki olmayacaq. Azərbaycanda keçirilən hər seçki ölkəmizə üz qarasıdır və ölkəni beynəlxalq aləmdə gözdən salan prosesdir”.
Xəyal