Ötən bəhslərimizdə qeyd etdik ki, mübarək Ramazan ayı behiştin bir tikəsidir. Maddi dünyanın ədalətsizliklərlə, hərc-mərclik və haqpozmalarla səciyyələnən ağrıdıcı mahiyyətinidən, yandırıcı cəhənnəmindən sanki bir mənəvi dinclik məqamıdır bu mübarək ay. Sanki tükənməz nemətlərlə zəngin bir İlahi ziyafətdir bu.
Və bu ziyafətin ən şərəfli, ən məzmunlu nöqtəsi, ən şah zirvəsi – Qədr gecəsi və bununla bağlı keçirilən əhyalardır. Allah Təala cəmi insanları bu gecələrdən böyük mənəvi pay aparmağa müyəssər etsin, inşəallah!
Saleh əməlin min misli
Qədr gecəsi ilə bağlı əhyaların dərk edilməsi, fəlsəfəsinə varılması insanın dünyagörüşü, əqidə və imanının möhkəmliyi üçün o qədər əhəmiyyətlidir ki, əlavə təhlil və araşdırmalara ehtiyac vardır.
Qədr gecəsi ilə bağlı 2 mühüm nöqtəyə işarə edilir. Birincisi budur ki, bu gecədə görülən bütün əməllər digər vaxta edilənlərin 1000 misli qədərdir. Misal üçün, insan 1000 ay tövbə edə, bağışlanmaq istəyə, “Allah qapısı»nı döyə. Və bir Qədr gecəsində həmin əməlləri yerinə yetirə. Təsəvvür edək ki, təsir və nəticə baxımından bu 1 gecə 1000 aydan daha üstündür! “Ya Rəbbim! Xətaya yol vermişəm, yanlışlıq etmişəm, bağışla məni, məğfirətini aid et mənə! Qayıdıram Sənə tərəf, bir daha məhvedici yola qədəm qoymayacağam!» – münacat edir bəndə öz Allahı ilə. Və bu bir gecədə etdiyi bu duanın bərəkəti, 80 il edilən yalvarışlardan üstündür – o qədər nemət verib Uca Allah Qədr gecəsinə.
Bu gecənin saleh əməli 1000 ayın gözəl işlərindən üstündür. Elə olur ki, insan çırpınır öz çatışmazlıqlarının torunda, namaza başlaya bilmir, yalandan qurtula bilmir, mənfi vərdişlərdən əl çəkə bilmir. Gündəlik primitiv vurnuxmaların buxovundan nicat tapa bilmir, lmən arzu edirəm Sən istəyən kimi yaşayım, haramlardan qurtulmaq istəyirəm, amma bacara bilmirəm öz zəifliklərimlə, Allahım» – deyə gileylənir bəndə öz durumundan. Və bir gecə var Ramazan ayında ki, xalis və dərin, həqiqi tövbə hesabına insan bilmərrə kənara qoya bilir onu əsarətdə saxlayan, şəxsiyyətini inkişaf etməyə qoymayan xasiyyətlərini. İnqilab edə bilir öz dünyagörüşündə. Atır mənəvi zibilliyə öz eybəcər vərdişlərini. Böyük İlahi rəhmətin zühuru var bu gecədə – Qədr gecəsində.
Qədr gecəsi ilə bağlı ikinci məqam, insanın varlıq olaraq durumundan irəli gəlir. Zatən, ehtiyaclı və müdafiəsiz bir varlıqdır insan. Xarici faktorlardan, təbii və fizioloji amillərdən yüksək dərəcədə asılı vəziyyətdədir. Və təbii ki, insanın əməlləri də naqisliklər və çatışmazlıqlarla doludur. Namazı, orucu, ibadəti, hərəkəti, rəftarı, əxlaqı Həzrət Peyğəmbər (s) və Əhli-Beytinə (ə), İlahi övliyalara xas səviyyədə deyildir, qüsurlarla doludur. Dinimizin məntiqində, Qədr gecəsi əməllərin boşluqlarının, əyər-əskiklərinin, çatışmazlıqlarının cilalanması üçün ən əlverişli məqamdır. İnsan bir iş görür, amma daxilən hiss edir ki, bu, o qədər də Allah istəyən səviyyədə deyildir. Qədr gecəsində özüllərə qoyulmuş həmin əməllərin boşluqları doldurulur.
Mələklərin nazil olduğu gecə
Əziz Rəbbimiz mübarək Qədr gecəsi ilə bağlı, bu gecənin tanıdılması ilə bağlı, xüsusiyyətləri, vacb cəhətləri ilə bağlı Qurani-Kərimin bir neçə yerində gözəl açılışlar vermişdir. “Qədr” surəsində buyrulur ki, “Mələklər və Ruh o gecədə Rəbblərinin iznilə nazil olarlar…”.
Mələklər barədə vəziyyət aydındır. Ruh dedikdə, bir sıra təfsirçilər cənab Cəbrayılı (ə), bəziləri isə digər şərəfli bir varlığı nəzərdə tuturlar. Bu vücudlar həmin gecə nazil olarlar və bu Qədr gecəsindən gələn ilin Qədr gecəsinədək hər bir işin təqdir, tənzim və sabit edilməsini təmin edərlər. Bu gecə Allah Təala mələklərin üzərində öhdəlik müəyyən etmişdir, belə bir şərəfli missiya qoymuşdur ki, insanların işləri üçün nəzm və təqdirat əncam versinlər. İradəvi varlıq olan insanın üzünə gələn ilin necə keçməsi, hansı istedadlarının üzə çıxması, necə nizamlanması həmin gecə həll olunur. Və həmin gecənin necə keçməsi, nəticə etibarilə aqibətinin necəliyi – insanın öz əlindədir. Bu gecəni keçirmə keyfiyyətindən bilavasitə asılıdır.
Mübarək Qurani-Kərimin “Duxan” surəsinin 4-cü ayəsində, Rəbbimiz Qədr gecəsində baş verən bir məsələni də açıqlayır. “Bu gecədə hər bir iş hikmət əsasında ayrılar”.
Yəni, Qədr gecəsi – bir gecədir ki, Allahın hikməti əsasında hər bir iş digərindən ayrılar, yerbəyer olar. Yaxşının və pisin, çalışqanın və tənbəlin, tanıyanın, mərifətlinin və qəflətdə olanın, alimin və cahilin, ədalətlinin və zülmkarın – hər bir kəsin işi öz müvafiq yerinə gedər, özünə aid “rəflər”ə qoyular. Və nəticədə Zəmanə Sahibinə (ə.f) təhvil verilər.
Ayədən bəlli olur ki, bu işdə bir davamlılıq var. Peyğəmbərimizin (s) vaxtında da ayrılırdı işlər, növlərə bölünürdü, Həzrət Əlinin (ə) də vaxtında, sonrakı dövrlərdə də bu proses gedirdi. O zaman da hər şey müəyyənləşərək, yiyəsinə təhvil verilirdi, indi də hər il iş gedir. Və bu mənəvi-ruhani proses Allahın əmri ilə Qiyamət gününədək davam edəcəkdir.
Agahlıq zirvəsi
Toxunulan məsələdə nübuvvətlə imamətin bir bağlılığı, onlar arasında bir mənəvi körpünün mövcudluğu sezilir. Burada ümmətin əlindən tutub aparmaq, yol göstərmək missiyası görünür. 23 illik nübuvvəti dönəmində nə kimi əziyyətlərlə qarşılaşdı, nə böyüklükdə itkiər verdi, amma necə şərəfli nümunələr göstərdi, necə əzm və şücaət, əxlaq və mənəviyyat məktəbini miras qoydu Peyğəmbərimiz (s). Dünyadan köçməmişdən öncə ümmətə bir daha bildirdi ki, nicat – Həzrət Əliyə (ə) və ondan sonra gələn digər 11 İmama (ə) bağlılıqdan keçir, zillət isə – bu mübarək vücudlardan ayrı düşməkdən. Və Qədr gecəsində insanların əməlləri bu mübarək İlahi seçilmişlərə (ə) bəlli edilər. Belə bir tərəfi də var Qədr gecəsinin.
İmam Muhəmməd Baqirdən (ə) sual etdilər: “Siz bilirsinizmi Qədr gecəsi (məhz) hansı gecədir?”. Buyurdu: “Necə bilməyək?! Bir halda ki, Qədr gecəsində mələklər bizim (yəni İmamların) ətrafımızda dövr edirlər”.
İnsanlar Ramazan ayında əhya keçirilən 3 gecədən hansının dəqiq Qədr gecəsi olduğunu bilmirlər. Amma, hədisdən bəlli olur ki, Peyğəmbəri-Əkrəmin (s) xəttinin davamçıları bu günü dəqiq bilir, gözəgörünməz məxluqların İlahi canişin olaraq onlara ehtiram etməsini müşahidə edirlər.
İmam Səccad (ə) buyurur: lHəqiqətən, hər il Qədr gecəsində işlərin təfsir və bəyanı Vəliyyi-əmrə (Zəmanə İmamına (ə)) endirilir, çatdıılır».
Başqa bir yerdə İmam Səccad (ə) buyurur: “Ey yolumuzu gedənlər! “Qədr” surəsi ilə məsum İmamların (ə) müxalifləri ilə müxasimə və mübahisə ediniz ki, (höccəti tamamlayınız ki) uğur qazanasınız”.
Yəni İmam (ə) çatdırır ki, “Qədr” surəsi o qədər əzəmətli surədir ki, bunun vasitəsilə siz imaməti inkar edən insanlara höccəti tamamlaya, dürüst məlumatı tamlığı ilə çatdıra bilərsiniz.
Hədisin davamında buyrulur: “Allaha and olsun ki, o surə – Peyğəmbəri-Əkrəmdən (s) sonra Allah Təalanın insanlara höccətidir. Və o surə sizin dininizin ağasıdır və bizim agahlıq və bilgimizin zirvəsi və nəhayətidir”.
Eyni oxşar sözləri İmam (ə) “Duxan” surəsinin ilk ayələri ilə bağlı da buyurmuşdur. Həzrət Peyğəmbər (s) isə buyurmuşdur: “Qədr gecəsinə iman gətiriniz, çünki o gecə məndən sonra Əli ibn Əbutalib və onun 11 övladı üçün olacaqdır”.
Yəni bu mətləblərdən insan başa düşməlidir ki, Peyğəmbərdən (s) sonra bu nurani rəhbərliyin davamı var və bu rəhbərlik günümüzədək davam edir. Peyğəmbərimiz (s) bizə buyurur ki, Qədr gecəsində bir imamət dərsi gizlənmişdir. Yalnız agahlar bu dərsi görərlər. Qədr gecəsinin mahiyyətini anlayan insan, vilayətə imanlı çıxar bu gecədən. Allah Təala cəmimizi Zəmanə İmamının (ə.f) zühurunun həqiqi müntəzirlərindən, həqiqətən gözləyənlərdən qərar versin!
Qədr gecəsi və Həzrət Fatimə (s.ə)
Qədr gecəsini Həzrət Fatimənin (s.ə) mübarək vücudu ilə müqayisə edirlər. Kimdir əziz xanım Fatimeyi-Zəhra (s.ə)? Qədr gecəsini bəşəriyyətə bəxş edən Allahın Elçisi olan Həzrət Muhəmmədin (s) əxlaq və kamillik bağının ən nəcib meyvəsi. İslamı ilk qəbul edən qadın olan Həzrət Xədicənin (s.ə) sevimli balası. Qədr gecələrindən birində minbərdə şəhadət şərbətini içən Həzrət Əlinin (ə) ömür-gün yoldaşı, sirdaş və məsləkdaşı. Ümmətin zəlalətli durumuna görə tənha sərkərdəlik acısını dadan İmam Həsənin (ə), Kərbəla şərvəri İmam Hüseynin (ə) əziz anası. Aşura şahidi, öz dəyanət və qəhrəmanlığı ilə lənətlik Yezid istibdadını sarsıdan xanım Zeynəbin (s.ə) mehriban anası. Əhli-Beytə (ə) olan zülmün simvoluna çevrilən, ana bətnində şəhid olan Möhsünün yarasısağalmaz anası.
Ariflər deyərlər ki, gördün ki, duaların qəbul olmur, qəlbin riqqətə gəlmir, tövbə etmək çətin olur – təvəssül et Həzrət Fatiməyə (s.ə). Bu, o qapıdır ki, burada heç bir məzlum əliboş qayıtmaz, dəyanət və şəxsiyyət əldə etmək istəyən, Allahının nəzərində əziz olmaq istəyən öz muradına çatar.
İndi Xanım Fatimə (s.ə) ilə müqayisə edirlər Qədr gecəsini. İmam Cəfər Sadiq (ə) buyurur: “Qədr gecəsi – Həzrət Fatimədir”. Davamında buyurur: “Bir kəs ki, Xanım Fatiməni (s.ə) lazım olan kimi tanıya, Qədr gecəsini dərk etmişdir”.
Deməli, əgər insan Qədr gecəsini dərk etmək istəyirsə, gərək Həzrət Zəhranı (s.ə) tanısın. Təfsirlərdə bu müqayisənin iki nəcib açıqlanması təqdim edilir. Bildirilir ki, Xanım Fatimə (s.ə) pak İmamların, 11 məsum İmamın (ə) nazil olma məkanıdır, İmamlar (ə) anasıdır. Qədr gecəsi də haqqın əmrinin İmamlar (ə) üçün nazil olma məkanıdır.
İkinci nöqtə ona qayıdır ki, Həzrət Fatiməni (s.ə) tanıyan – vəlisini tanıyar. Vəlisini tanıyan Qədr gecəsini dərk edər. Bir insan Xanım Fatiməni (s.ə) tanısa, imamətə gəlib çıxar. Bir kəs Qədr gecəsini anlamaq istəsə, bilər ki, bu gecə Zəmanə Sahibinə (ə) Allahın əmrlərinin çatdırılması gecəsidir. Yəni həm Həzrət Fatiməni (s.ə) tanımaqla insan imaməti dərk edə bilər, həm də Qədr gecəsinin mahiyyətinə varmaqla. Allah Təala cəmi insanlara bu mübarək anlamlara çatmaq mərifətini qismət etsin!
İnsanın öz daxilinə nəzər salması, ruhi-mənəvi qüvvələrinin yüksək səviyyəli konsentrasiyasına nail olması üçün Ramazan ayındakı Qədr gecəsinin əhyaları böyük imkanlar təqdim edir. Əməl edən insan bu gecələrdən təmizlənmiş, yeniləşmiş, sonunu, yekununu xeyrə calamış bir halda çıxacaqdır. Pislikləri, xətaları, mənfilikləri ilə qurtarmış halda çıxacaqdır. Və gələcək dövr üçün çox təsirli bir impuls əldə edə biləcəkdir. Alimlər Qədr gecələri ilə bağlı qeyd edirlər ki, bəzən bu gecədəki mənəvi hal insana o qədər təsir qoyur ki, gələn ildəki Qədr gecəsinə qədər, hətta bəzən ömrünün sonuna qədər onun düşüncəsində, əxlaqında, rəftarında dərin və müsbət bir iz qoyur.
Hər kəs öz tutumuna, mənəvi yükü qəbul etmə qabına uyğun olaraq, Qədr gecəsindən nə isə götürə bilər. Hərə öz istedadlarına, imkanlarına müvafiq bu mənəviyyat çeşməsindən qəlbinə doldura bilər. Bulaq həmişə var, qabı tədarük etmək və doldurmaq istəyi – insandandır. Və çalışıb həmin bu tutumu, qabı artırmalıdır insan. Mənəvi yük götürmə qabiliyyətini yüksəltməlidir insan. İmam Museyi-Kazim (ə) öz sadiq səhabələrindən olan Hişama buyurmuşdur: “Ey Hişam! Bizdən deyil o kəs ki, özünü hər gün mühasibə etməyə. Bəs yaxşı əməlləri müşahidə etdikdə, bunları artırsın. Və pis əməl müşahidə etdikdə, o əmələ görə Allahdan bağışlanma, istiğfar istəsin və Ona doğru qayıtsın”.
Niyə əməllər neçə bərabər artırılır?
Qədr gecəsinin nuraniyyətini anlamaq üçün bir onu xatırlamaq kifayətdir ki, bütün bəşəriyyətin nicatı üçün nəzərdə tutulmuş Qurani-Kərim bu gecədə nazil olmuşdur. Bu, bir gecədir ki, mələklər dua edən insanları arayarlar. Bu gecədə sübhədək salamatlıq olur. Bu gecənin saleh əməlləri 1000 aydakı saleh əməllərdən daha üstündür. İmam Muhəmməd Baqirdən (ə) sual edirlər: “Qədr gecəsinin 1000 aydan üstün olmasının məqsəd və hədəfi nədir?” İmam (ə) buyurdu: “Bu gecədə yerinə yetirilən namaz, zəkat, sədəqə, infaq və digər müxtəlif saleh əməllər, Qədr gecəsinə (malik) olmayan min ay müddətində yerinə yetirilən hər bir saleh əməldən üstündür”.
Qədr gecəsinin fəzilətləri və əməllərinin üstünlüyü ilə bağlı nəql edilən digər hədisdə İmam Muhəmməd Baqir (ə) buyurur: “Əgər Allah Təala möminlərin əməllərini neçə bərabər etməsə, bunlar kamal həddinə yetişməzlər. Amma Allah Təala (lütfündən irəli gələrək) onların yaxşı əməllərini neçə bərabər buyurur, ta ki, əskikliklərin yeri dolsun”.
İnsanın əməllərinə olduğu kimi yanaşılsa, durumu çətin olar. Amma Allahın qüdrəti, əzəməti, lütfü ilə yaxşı əməllər bir neçə dəfə artırılır və bununla da əyər-əskiklər aradan qaldırılır. Və Qədr gecəsinə bu xüsusi lütf verilmişdir.
İndi bir kəs bu lütfü, bərəkəti dərk edib, amma bundan bəhrələnə bilməyibsə, onda yazıqlar olsun ona. Necə ki, Böyük İslam Peyğəmbəri (s) buyurur: “Bir kəs ki, Qədr gecəsini dərk edə və (bununla belə bağışlanmaya) – Allahdan uzuq olsun!”
Allah Təala insana bu feyzlərdən bəhrələnmək üçün bütün imkanları təqdim etmişdir. Amma insan edə bilər ki, bunları əldə etsin, edə də bilər ki, özünü məhrumiyyətə məruz qoysun. Rəsuli-Əkrəm (s) buyurur: “Həqiqətən, mübarək Ramazan ayı sizə tərəf üz tutub. Bu ayda bir gecə vardır ki, min aydan üstündür. Hər kim Qədr gecəsinin feyzindən məhrum olmuşdur – bütün xeyirlərdən binəsib qalmışdır. Və özünü məhrum etmiş kəslərdən başqa, heç kəs Qədr gecəsinin bərəkətlərindən məhrum qalmır”.
Allah Təala cəmi insanlara bu mənəvi feyzləri qəbul etmək durumunu nəsib etsin!
Allahım, bizi İlahi nemətləri dərk edib, bunlardan bəhrələnmək qabiliyyətinə malik et!
Allahım, bizləri düzgün seçim edənlərdən, Peyğəmbər (s) və Əhli-Beytin (ə) həqiqi davamçılarından qərar ver!
Allahım, işğal altında olan torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam – Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f) tezliklə zühur etməsini nəsib et! Amin!