Dünən Bakı Apellyasiya Məhkəməsində jurnalist Aynur Qəmbərovanın ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı apellyasiya şikayətinə baxılıb. Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
Vəkilin Aynur Elgünəşin ölkədən çıxışına Meydan.TV ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində CM-nin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə başlanmış cinayət işi üzrə qadağa qoyulub. Bu qadağanın qanunsuzluğu səbəbilə onun aradan qaldırılması üçün Nəsimi rayon Məhkəməsinə müraciət olunsa da, aprelin 26-da iddia təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin sözügedən qərarından apellyasiya şikayəti verilmişdi.
“Prokurorluğun nümayəndəsi əvvəllər olduğu kimi, yenə də məhkəmə iclasına gəlməmişdi” deyən Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir: “Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) və 4 saylı Əlavə Protokolun 2-ci maddəsinin (hərəkət etmək azadlığı) pozulmasına görə Avropa Məhkəməsinə şikayət edəcəyik”.