İtaliya paytaxtı Romada yerləşən NATO Müdafiə Kollecinin “Ali kurs” dinləyicilərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
NATO Müdafiə Kollecinin əsas məqsədi hərbi-siyasi məsələlər üzrə strateji düşüncə tərzini təkmilləşdirməkdir. Bundan başqa bu qurum yüksək rütbəli zabit və vəzifəli şəxsləri NATO-nun mühüm vəzifələrində xidmətə hazırlayır.
Kurs iştirakçılarının Azərbaycana gəlməzdən əvvəl Makedoniya, Danimarka, Norveç, Latviya və Ukraynada səfərdə olduqları bildirilir.
Səfər iyunun 24-dək davam edəcək.
Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayır.
2004-cü ildə Azərbaycan bu alyansın Fərdi Tərəfdaşlıq Əməliyyat Planına qoşulub. Ancaq son illər Azərbaycan rəsmiləri açıqca bildirirlər ki, NATO-ya üzvlük məsələsi gündəlikdə durmur. Müxalifət hakimiyyətin bu mövqeyini Rusiyanı qıcıqlandırmaq istəməmək və islahatlardan qaçmaq kimi dəyərləndirir.