Gömrükdə baş verənlər Azərbaycanın nüfuzuna da ciddi zərbə vurur
Azərbaycan növbəti dəfə beynəlxalq hesabatda acınacaqlı nəticə ilə fərqlənib. Dünya Bankının 183 ölkəni əhatə edən “Daha şəffaf dünyada biznes qurmaq – 2012” adlı hesabatında ölkəmiz 66-cı yerdə qərarlaşıb. Ayrı-ayrılıqda götürəndə isə Azərbaycan xarici ticarətin, sərhəddən mal keçirməyin çətinliyinə görə dünyada 170-ci yerdədir. Göründüyü kimi, bu dəfə də Gömrük Komitəsində baş verən neqativ hallar, bu qurumun adının korrupsiya və rüşvətlə yanaşı çəkilməsi Azərbaycanın nüfuzuna ciddi zərbə vurur.
Xatırladaq ki, bir neçə gün əvvəl Isveçrənin yeyinti məhsullarının aparıcı tədarükçüsü olan “Nestle” şirkəti Azərbaycanla ticari əlaqələri dayandırdığını elan etdi. Buna səbəb isə yerli distribütor şirkətin Azərbaycanın gömrük orqanları ilə maliyyə münasibətlərindəki korrupsiya faktlarıdır. Artıq gömrük və digər orqanlarda korrupsiya və yaxud başqa neqativ hallarla rastlaşan əcnəbi şirkətlər ölkəmizdən getmək məcburiyyətində qalır. Bütün bunlar ölkə iqtisadiyyatına nə vəd edir və neqativ halların qarşısının alınması üçün hansı zəruri addımlar atılmalıdır?
«Idxal bazarına inzibati məhdudiyyətlər, müəyyən əlavə prosedurlar da Azərbaycanın reytinqinin pisləşməsinə səbəb olur»
Iqtisadçı-ekspert Qubad Ibadoğlu gömrükdə prosedurların sadələşdirilməsinin və şəffaflığın yaradılmasının zəruri olduğunu deyir. Eyni zamanda islahatların keçirilməsinə də ehtiyac var. Amma prosedurların sadələşdirilməsi, elektronlaşdırılması və şəffaflığın artırılması istiqamətində yeni mexanizmlərin tətbiqi ilə bağlı çətinliklər var. Həmçinin inzibati baryerlərin çoxluğu da sərhəddən mal keçirməyin çətinliyini artırır. Idxal bazarına inzibati məhdudiyyətlər, müəyyən əlavə prosedurlar da Azərbaycanın reytinqinin pisləşməsinə səbəb olur.
Ekspertin sözlərinə görə, problemlərin aradan qaldırılması üçün Azərbaycanın Dünya Ticarət Təşkilatına qəbulu vacibdir. Amma təəssüflər olsun ki, bu proses ləngiyir.
Gömrük orqanları ilə maliyyə münasibətlərindəki korrupsiya faktlarına görə şirkətlərin Azərbaycandan getməsi məsələsinə toxunan ekspert isə onların iradlarının haqlı olduğunu deyir. Bu kimi hallar isə investisiya mühitinə mənfi təsir göstərəcək.
«Hesabatlarda ürəkaçan olmayan yer tutması Azərbaycan hökumətinin yeritdiyi iqtisadi siyasətin acı nəticəsidir»
Iqtisadçı-ekspert Nemət Əliyev beynəlxalq qurumların Azərbaycanda normal iqtisadi münasibətlərin olmadığını, korrupsiya, rüşvətxorluq, inhisarçılığın hökm sürdüyünü gördüyünü deyir. Belə hallar isə Azərbaycan iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxarır. Bu, eyni zamanda Azərbaycanda olan xarici sərmayədarlara təsir edə biləcək siqnaldır.
Ekspertin sözlərinə görə, ölkədəki rüşvətxorluğun, korrupsiyanın, monopoliyanın səviyyəsindən cana doymuş sahibkarlar daha çox ehtiyatlanmağa başlayacaq. Çünki ölkəyə sərmayə qoyacaqları təqdirdə pullarının batacağı ehtimalı daha çoxdur. Ekspertin fikrincə, hər hansı şirkətin ölkəmizdən getməsi, eyni zamanda beynəlxalq qurumların hesabatlarında ürəkaçan olmayan yer tutması da Azərbaycan hökumətinin yeritdiyi iqtisadi siyasətin acı nəticəsi kimi qiymətləndirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq görüntüsü yaradan hökumət əslində bu istiqamətdə heç bir addım atmır.
Fizzə