Ziya Məmmədovun qudasının torpaqları əlindən alınır
Sabiq baş hərbi komissar, deputat Əliağa Hüseynovun Salyandakı torpaqları əlindən alınıb. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məlumata görə, bu, Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün iri taxılçılıq kooperasiyası və kooperativlərin yaradılması haqqında qərarı ilə izah edilir.
Lakin buna baxmayaraq, Əliağa Hüseynov torpaqlarını əldən vermək istəməyib. Məlumata görə, onun qudası nəqliyyat naziri Ziya Məmmədovun da məsələyə müdaxilə etməsi nəticəsi verməyib. Bildirilir ki, bu işlə Salyanın icra başçısı Tahir Kərimov məşğul olur. Yeri gəlmişkən, Tahir Kərimov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. Və əslində bu işlərin arxasında “fövqəlnazir”in dayandığı bildirilir. Amma maraqlıdır ki, Əliağa Hüseynovun “fövqəlnazir”lə dostluq münasibətləri var. Görünür, Kəmaləddin Heydərovun Ziya Məmmədovla münasibətlərinin kəskin olması “fövqəlnazir”i hətta dostuna belə, güzəşt etməsinə mane olub.