İngilisələri döyənlər Rusiya güc strukturlarının əməkdaşları olub
Fransada keçirilən futbol üzrə Avropa çempionatında rusiyalı azarkeşlərlə bağlı insident təsadüf deyilmiş. Britaniyanın yüksək vəzifəli şəxsləri “Avro-2016”nın gedişində yaşanan bu qalmaqalda Kremlin əlinin olduğunu bildirirlər.
Bu barədə nüfuzlu “The Guardian” qəzeti məlumat yayıb.
Qəzet Britaniya hökumətindəki mənbələrə istinadən yazıb ki, rus azarkeşlərin şəxsiyyəti müəyyən edilərkən onların Rusiya güc strukturlarının əməkdaşları olduğu üzə çıxıb. Azarkeşlərin “xuliqanlıq” hərəkətləri isə birbaşa Rusiya rəhbərliyi ilə razılaşdırılıb.
“Hibrid müharibəsinin” davamıdır?
Qəzetin yazdığına görə, bu, Rusiyanın apardığı “hibrid müharibəsinin” davamıdır.
Hökumətdəki mənbə onu da qeyd edib ki, bütün dünyaya qarşı duran Rusiya bu yolla öz gücünü nümayiş etdirmək istəyib.
Müəllifÿ bildirir ki, rus azarkeşlərlə Kremlin birbaşa əlaqəsini sübut etmək çətin olsa da, onların bir neçəsinin Rusiya güc strukturlarında çalışması, məlum olaylarda hərəkətlərini koordinə etmələri və nəhayət, əlbəyaxa dava üçün əlcəklərinin və başqa ləvazimatlarının olması insidentin təsadüfən baş vermədiyinə işarə edir.
Məqalədə həmçinin Rusiya prezidenti Vladimir Putinlə Ümumrusiya Azarkeşlər Birliyinin sədri Aleksandr Şprıginin 2010-cu ildə çəkirdikləri birgə foto da dərc olunub.
Şprıgin “Avro-2106”dakı son insidentlə əlaqədar “potensial təhlükə” kimi, Fransadan qovulmuşdu.
Xatırladaq ki, iyunun 11-də Rusiya-Ingiltərə matçından sonra tribunada azarkeşlər arasında dava çıxıb. 30-a yaxın rus azarkeş ingilis azarkeşlərə hücum edərək onlara ağır xəsarətlər yetiriblər. Fransa polisi bildirir ki, insidentdə xuliqanlıq edən rus azarkeşlərin sayi 150 olub.
Zorakılıq əmri Kremldən verilib?
Britaniyanın “The Observer” qəzeti də yazır ki, hökumət rusiyalı futbol xuliqanlarının Kremlə bağlı olduqlarını düşünür(BBC). Rəsmi Londonun vəzifəli siyasətçiləri narahatdırlar ki, Avropa çempionatında Rusiya “xuliqanlarının” törətdiyi zorakılığın əmri Kremldən verilmiş ola bilər: “Hökumət hazırda bu adamların Vladimir Putin recimi ilə əlaqəli olmasına dair faktları araşdırır. Belə anlaşılır ki, Marsel və Lildə Ingiltərə azarkeşləri üzərinə yüksək səviyyədə koordinasiya edilmiş hücumların əhəmiyyətli hissəsini Rusiya güc strukturlarının əməkdaşları təşkil ediblər”.
“Əhsən, uşaqlar, belə davam edin”
“The Observer” yazır ki, Marseldə törədilmiş zorakılığın ardınca yaradılmış saxta “Tvitter” hesablarından yayılan postlarda Rusiya azarkeşlərinin təxribata çəkildiyinə dair şayiələr tirajlanır: “Rusiya millət vəkillərindən biri isə yazır: “Əhsən, uşaqlar, belə davam edin”.
UEFA xəbərdarlıq edib ki, rus azarkeşlərin Marselin Stade Vlodrome stadionunda törətdikləri “xuliqanlıq” təkrarlanarsa, Rusiya komandası çempionatdan qovula bilər.
Britaniya hökumət mənbələrindən “The Observer” qəzetinə bildiriblər ki, Rusiya futbol “xuliqanlarının” kimliyinin araşdırılması üçün sosial mediada təhqiqat aparılır.
Britaniyanın “Avro-2016”da polis əməliyyatçısı Mark Roberts deyib ki, bu, onun son 10 ildə araşdırdığı futbol zorakılıqlarının ən ciddisi və ən koordinasiyalısı olub. O bildirib ki, Birləşmiş Krallıq polisinin xəfiyyələri 150-dək rus azarkeşinin diş qoruyucuları, barmaqsız əlbəyaxa döyüş əlcəkləri və bandanalarla “silahlandıqlarını” müşahidə ediblər.
Putin nə düşünür?
Moskva azarkeşlərin həbsini pisləyib və bəyan edib ki, bu hadisə anti-Rusiya hisslərini daha da qızışdırır.
Vladimir Putin isə Avropa çempionatındakı azarkeş zorakılığına münasibət bildirərkən deyib ki, 200 rusiyalı azarkeşin bir neçə min ingilisi necə döydüyünü başa düşə bilmir.
Putin deyib ki, Ukrayna böhranına görə Qərblə pozulmuş münasibətləri bərpa etmək istəyir, lakin bütün təqsirlər elə Qərbin özündədir: “Avropa biznesi bizim ölkəmizlə əməkdaşlığı istəyir və buna hazırdır. Avropa siyasətçiləri biznesə kömək etməli, müdriklik, üzaqgörənlik və açıqlıq nümayiş etdirməlidirlər. Biz bütün bunların necə başlandığını yaxşı xatırlayırıq. Bugünkü vəziyyəti Rusiya yaratmayıb. Biz kin saxlamırıq və avropalı tərəfdaşlarımızla əlaqələrə can atırıq. Lakin bu, birtərəfli qaydada edilə bilməz”.