Abşeron rayonunda dayənin 1 yaşlı uşağın həyatına son qoyması hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Abşeron rayon sakini Fərqanə Qurbanova oğlu, 2011-ci ildə anadan olmuş Mehdiyev Elmir Elməddin oğlunu saxlamaq üçün keçən il dayə tutub. Həmin dayə 1985-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş Məmmədova Ziyafət Maarif qızı isə bu ilin fevral ayının 29-da körpə uşağı işgəncə ilə qətlə yetirib.
Məlumata görə, hadisə baş verən gün Z.Məmmədova ilə bərabər, həmin evdə tanışı olan bir oğlan da olub. Onlar evdə olarkən uşaq ağlamağa və Z.Məmmədovanı narahat etməyi başlayıb. Dayə nə qədər çalışsa da, uşağı sakitləşdirə bilməyib. Özündən çıxan dayə televizorun pultu ilə 1 yaşlı Elmirin başına, gicgahına zərbələr endirib. Uşağın səsini kəsə bilməyən 27 yaşlı dayə hətta alışqanla onun bədənini bir neçə yerdən yandırıb.
Verilən məlumatda bildirilir ki, Z.Məmmədova qətlə yetirdiyi körpənin valideynlərinin icazəsi ilə həmin mənzildə yaşayırmış.
Faktla əlaqədar cinayət işi başlayıb, hadisəni törətdikdən sonra evi tərk etmiş Z.Məmmədova həbs edilib.
***
Abşeron rayonunda dayə 1 yaşlı uşağı öldürüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron RPŞ əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da 1 yaşlı Elmir Mehdiyevə ölümlə nəticələnən xəsarətlər yetirib hadisə yerindən qaçmış onun dayəsi, Xırdalan şəhərində kirayədə yaşayan Tovuz rayon sakini Ziyafət Məmmədova tutulub.