Məhəmməd Məcidli və Babək Həsənovun 16-cı kalondan köçürərkən döyüldükləri deyilir; Penitensiar Xidmət deyilənləri təkzib edir
AXCP-dən olan vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənov martın 4-də 16-cı kalondan 14-cü kalona köçürülərkən fiziki zorakılığa məruz qalıb. AXCP-dən “Azadlıq”a bildirildiyinə görə, M.Məcidli və B.Həsənova küçürülmə barədə qabaqcadan xəbərdarlıq edilməyib. Məhbuslar hamamda olarkən həbsxana nəzarətçiləri onların arxasınca gedib və onları zorakılıqla, təhqir edə-edə hamamdan çıxarıblar. Məhbuslara həbsxana dostları ilə vidalaşmağa, hətta şəxsi əşyalarını belə götürməyə imkan verməyiblər. Məhbuslar hətta 14-cü kalona aparılarkən yolda maşında da fiziki zorakılığa məruz qalıb.
14-cü kalonda məhbuslara qarşı hər hansı kobudluq olmayıb. Lakin onlar həkim müayinəsindən keçirilməyiblər.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov vicdan məhbuslarının başına gətirilənləri dandı. Məlumatla əlaqədar əməkdaşımızın sorğusuna M.Sadıqov belə cavab verib ki, Cəzaçəkmə Müəssisəsində bu cür hadisənin baş verə biləcəyinə inanmır. Onun sözlərinə görə, deyilənlərlə bağlı araşdırma aparıb və məlumat təsdiqini tapmayıb.
AXCP sədrinin müavini Gözəl Bayramlı M.Məcidli və B.Həsənova qarşı törədilənləri vəhşilik sayır. Onun sözlərinə görə, AXCP-dən olan vicdan məhbuslarının başına gətirilənlər heç də təsadüfi deyil: “Vicdan məhbuslarımızla vəhşicəsinə davranılması, zor tətbiq edilməsi, onlara şəxsi əşyalarını götürməyə imkan verilməməsi bir daha onlara qarşı münasibəti göstərir. Baş verənlərlə əlaqədar Məhəmməd Məcidli və Babək Həsənov aclıq aksiyasına başlamağı qərara alıblar.
Düşünürəm ki, həbsxanadakı bu cür rəftara səbəb bir müddət əvvəl cəbhəçi vicdan məhbusları Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlının ictimaiyyətə müraciət edib 16 saylı Cəzaçəkmə Müəssisəsində dözülməz vəziyyətin yarandığını qeyd etmələri olub. Həmin vaxtdan müəssisə rəhbərliyi cəbhəçi məhbuslarla çox pis davranmağa başlayıb, onlara qarşı təxribatlar təşkil edib. Hətta Məhəmməd Məcidliyə töhmət belə, verilib”.
Hüquq müdafiəçisi Sahib Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, AXCP-dən olan məhbusların yaxınları Ictimai Komitəyə müraciət edərlərsə, təşkilat bu istiqamətdə araşdırma apara bilər: “Hələ bizdə belə bir məlumat yoxdur. Amma məhbusların yaxınları bizə müraciət edərlərsə, biz onlara qarşı yol verilə bilən qanun pozuntusunu, daxili nizamnamə qaydalarına riayət olunmamasını araşdırmağa hazırıq. Bu şəxslərə hüquqi yardım da göstərə bilərik”.
Hüquq müdafiəçisi Leyla Yunus isə hesab edir ki, baş verən hadisəni ictimailəşdirmək lazımdır. Bundan başqa, 16-cı kalonun rəhbərliyini, ədliyyə nazirini məhkəməyə verməyin tərəfdarı olan L.Yunus hesab edir ki, günahkarlar cəzalarına çatmayınca bu cür münasibət davam edəcək: “Biz növbəti dəfə qeyri-insani rəftarın, qanun pozuntusunun şahidi oluruq. Bu zorakılıq yenə də davam edəcək. Çünki bu yanaşma sistemin mahiyyətidir. Beynəlxalq təşkilatlar da baş verənlərə sərt yanaşmalıdırlar. Çünki Azərbaycanda siyasi məhbus problemi hələ də həll olunmamış qalır”.
M.Məcidli və B.Həsənova qarşı yol verilən zorakılıqla bağlı dünən AXCP də bəyanatla çıxış edib. Bəyanatda vurğulanır ki, vicdan məhbuslarının heç bir xəbərdarlıq edilmədən başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi və bu zaman zorakılığa məruz qalması qanunların kobud şəkildə pozulmasıdır: “Köçürülmə heç bir qayda-qanun gözlənilmədən aparılıb, vicdan məhbuslarına şəxsi əşyalarını belə, toplamağa imkan verilməyib; onlar həbsxana nəzarətçilərinin açıq təhqiri və fiziki zorakılığı ilə üzləşiblər. AXCP xatırladır ki, hər iki vicdan məhbusu 16 saylı müəssisədə dustaqların saxlanma şəraiti və orda olan korrupsiya hallarını ictimailəşdirməklə məşğul idilər. Onlar bu cür fəaliyyətdən sonra müəssisə rəhbərliyinin sərt təzyiqləri ilə üzləşib, bir neçə dəfə təxribata çəkiliblər”.
Hər iki vicdan məhbusunun Qarabağ qazisi olduğunu vurğulayaraq AXCP baş verənləri qanun pozuntusu və insanlığa yaraşmayan hadisə kimi dəyərləndirir. Hakimiyyəti vicdan məhbuslarına qarşı ləyaqətli mövqe tutmağa səsləyən AXCP bəyan edir ki, vicdan məhbuslarına qarşı aqressiv mövqe göstərmək əvəzinə bütün mütərəqqi dünyanın çağırışlarına cavab verərək iqtidar bu günahsiz insanları dərhal azad etməlidir. “Bunu etməyə cəsarət və alicənablığı çatmırsa, heç olmasa vicdan məhbuslarının qaldırdığı problemlər həll edilməli, cəzaçəkmə müəssisələrində normal durum yaradılmalıdır”,- deyə bəyanatda vurğulanır.
Hikmət