“Bu səhər Türkiyəyə istirahətə gedəcəkdim. Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim və xarici pasportuma çıxışa icazə verən möhür vurulmuşdu. Amma sərhədi keçdiyim an məni dayandırdılar.
Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən “Ləğv olundu” vurdular və məni geri qaytardılar”.
Bu barədə REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli özü məlumat verib.
O bildirib ki, ölkədən çıxış qadağasının kim tərəfindən və nəyə görə qoyulduğunu öyrənmək istəsə də cəhdi baş tutmayıb:
“Qadağanın kimin tərəfindən və nəyə görə qoyulduğunu sərhədçilərdən öyrənə bilmədim. Bilmədiklərini dedilər. Kredit borcum, ödənilməsi üçün nəzərdə tutulmuş qanuni müddətin buraxıldığı cəriməm, vergi orqanları ilə problemim, məhkumluğum yoxdur, heç bir istintaqa cəlb olunmamışam, məndən iltizam da alınmayıb.
Sərhədçilərdən biri, qadağanın “mənim xariclə əlaqələrimə görə” kimi ifadə etdiyi ümumi və heç bir anlam daşımayan gümanı söylədi”.
Erkinli Qədirli bu cür qadağanın Qanun nəşriyyatındakı polislərin axtarışı ilə əlaqələndirib:
“Görünür, bu qadağa “Qanun” nəşriyyatından qanunsuz olaraq polis tərəfindən götürülmüş REAL-ın flayerləriylə bağlıdır. Sifariş müqaviləsini imzalayanlardan biri mən olmuşam. Həmin flayerlərlə bağlı bizi polisə də çağırmışdılar. İndi məlum oldu ki, ölkədən getmək qadağası da qoyulubmuş.
AZAL-ın hava limanındakı ofisi bileti geri götürməkdən imtina etdi. Gərək indi bunlara görə məhkəməyə şikayət edim”.
REAL üzvü daha sonra bildirib ki, ölkədən çıxması ilə bağlı qadağaya görə bu gün polisə də çağırılıb:
“Məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar. İndicə oradan qayıtdım. Mənimlə nəzakətlə davrandılar, üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib.
Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin rəisi dedi ki, rəhbərliyin tapşırığı ilə anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”-deyə Erkin Qədirli əlavə edib.