İyun ayının 15-də Milli Şuranın Koordinasia Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə edilib. Bu barədə Milli Şuarnın yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, toplantının əvvəlində Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli həmin gün AŞPA-nın yeni məruzəçiləri ilə keçirdikləri görüş barədə Koordinasiya Mərkəzi üzvlərinə məlumat veriblər. AŞPA məruzəçiləri hökumət və dövlət rəsmiləri ilə siyasi məhbuslar, siyasi partiyaların durumu, QHT sektorunda vəziyyət, mətbuat azadlığının boğulması, seçki məcəlləsi ətrafında müzakirələr apardıqlarını, bu məsələləri əhatə edən yol xəritəsinin müzakirə edildiyini bildirmişdilər. Onlar Azərbaycanda 80 nəfər məhbusun yerli və beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanındığını və bu şəxslərin azad olunması istiqamətində iş apardıqlarını vurğulamışdılar.
MŞ Koordinasiya Mərkəzi üzvləri isə ölkədə siyasi məhbuslarının sayının daha çox olduğunu və Baş Prokurorluğun açıqladığı ötən ilin sonunda həbs edilmiş 70 nəfər inanclı məhbusların həmin siyahıda yer almadığını qeyd ediblər. Müzakirələrdə bu ilin may ayında heykəl üzərində yazılarına görə saxlanmış gənclərin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusları olaraq tanınması onlara diqqət kimi qiymətləndirilib.
Toplantıda ölkənin kəskin maliyyə-iqtisadi böhran içərisində boğulduğu bir vaxtda hakimiyyətin idman avantürasının təhlükəli həddə yüksəldiyi qeyd edilib. Bildirilib ki, ilkin hesablamalara görə, 2016-cı ilin birinci yarısında Formula 1 yarışlarının təşkilinə 330 milyon və Avropa futbol çempionatına isə 120 milyon manat vəsait xərclənmişdir. Çıxışlarda göstərilib ki, SOCAR-ın Fransada keçirilən idman yarışına ödədiyi reklam xərcləri Azərbaycan hökumətinin bu ilin birinci yarısında kənd təsərrüfatına ayırdığı investisiya qoyuluşundan iki dəfə artıqdır. Eyni zamanda qeyd edilib ki, yarım milyarda yaxan vəsait idman yarışlarına xərcləndiyi halda hökumət şəhidlərin qan pulunu ödəməyə vəsait tapmır və ya təhsil xərcini ödəyə bilmədiyi üçün 17 minə yaxın tələbə təhsil müəssisələrindən xaric edilir.
Toplantıda Bakının “Sovetski” rayonunda həyata keçirilən söküntülər zamanı 70-ə yaxın tarixi-memarlıq abidələrinin məhv edilməsindən ciddi narahatçılıq ifadə edilib. Müzakirələr zamanı qeyd edilib ki, söküntü işləri başlandıqdan sonra həmin abidlərin süni şəkildə, tələm-tələsik memarlıq binaları siyahısından çıxarılması Nazirlər Kabinetini və şəhər hakimiyyət orqanlarını məsuliyyətdən azad etmir. İclasda KM-nin hər iki məsələ ilə bağlı ayrıca bəyanatla çıxış etməsi məqsədəuyğun hesab edilib.
Toplantıda “Azadlıq” qəzetinin ətrafında hakimiyyət orqanlarının yaratdığı süni problemlərdən ciddi narahatçılıq ifadə edilib. Qeyd olunub ki, dövlət tabeçiliyində olan yayım şirkətlərinin qəzetə olan borclarını ödəməkdən imtina etməsi “Azadlıq”ın dövlətə məxsus olan nəşriyyata çap xərclərinin qarşılanmasında müəyyən problemlər yaradıb. KM üzvlərinin fikrincə, hakimiyyət bu yolla qəzeti iqtisadi baxımdan boğmağa, onun nəşrini dayandırmağa cəhdlər göstərir.
Toplantıda siyasi məhbus İlqar Məmmədovun doğum günü ilə bağlı “Qanun” nəşriyyatında hazırlanmış bukletlərinin müsadirə edilməsi, polis orqanlarının nəşriyyatda axtarış aparması siyasi azadlıqların boğulması, azad sözə və mülkiyyət hüququna hücum kimi qiymətləndirilib. Eyni ilə hökumətin, polis orqanlarının bilavasitə müdaxiləsi ilə D18 hərəkatının uzun müddət yerləşdiyi ofisdən çıxarılması pislənib və bunun yolverilməz olduğu qeyd edilib.
KM-nin toplantısında bu günlərdə Azərbaycan sərhəd məntəqələrindən keçib Gürcüstan ərazisində tutulmuş 213 kq narkotikin artıq birinci hal olmadığı təəssüf hissi ilə bildirilib və bir müddət əvvəl həmin yolla keçirilmiş 3 ton narkotiklə bağlı heç kəsin məsuliyyətə cəlb edilməməsindən, belə halların ölkəni narkotranzitə çevrilmə təhlükəsini doğurduğundan narahatçılıq ifadə edilmişdir.