Hakimiyyət rayondakı gərginlikdən ehtiyatlanıb «dəstək aksiyası»nı keçirmədi
Yerli jurnalistlər polis bölmələrinə çağırıldı, onlardan mitinqin çəkilişləri tələb olundu; Rauf Həbibovun obyektlərinə «əl gəzdirilir»; problemdən «çıxış yolu» üçün rayona ordu yeridildi
Azərbaycan hökuməti martın 1-də Qubada baş verən olaylardan öz təbliğatı üçün şou düzəltməyə çalışırdı. Rəsmi təbliğatda bu hadisələrin “dövlətçiliyə dəstək” aksiyası kimi qiymətləndirilməsi, Ilham Əliyevin guya dərhal qubalıların səsinə səs verdiyi iddia olunurdu. Hətta iqtidar ideoloqları bu təbliğatı qubalıların vasitəsilə geniş miqyasda təşkil etməyə çalışırdılar.
Hökumətin ümidləri puç oldu
Ötən gün Qubada “Ilham Əliyevə təşəkkür aksiyası” keçirilməsi planlaşdırılırdı. Məlumatlara görə, ətraf rayonlardan da bu aksiyaya adamlar gətirmək istiqamətində iş də aparılırdı. Ilham Əliyevin şəninə düzənlənəcək bu aksiya izdihamlı olmalıdır. Plana görə, aksiya iştirakçıları ölkə başçısına onların səsinə səs verdiyinə görə ağızdolusu təşəkkür etməli idilər.
Hakimiyyətin belə bir ucuz şouya əl atmasının ciddi səbəbləri var. Çünki “yuxarılar” da bilir ki, bu hadisə yalnız Rauf Həbibovun qubalıları təhqir etməsinə görə baş verməyib. Quba camaatının qəzəblənməsinin başqa səbəbləri də var. Bu səbəblər Azərbaycanın bütün bölgələri üçün xarakterik olan səbəblərdir. Söhbət məmur özbaşınalığından, icra başçıları və digər məmurların özlərini padşah kimi aparmasından, insanların hüquqlarının addımbaşı tapdanmasından gedir. Quba əhalisi 2007-ci ildən bu yana Rauf Həbibovun özbaşınalıqlarına dözürdü. “Yuxarılar”ın da Qubadakı vəziyyətdən xəbəri var idi. Ancaq Ilham Əliyev onun üçün Qubada dəbdəbəli villa tikən birini sıravi vətəndaşlardan üstün tutduğundan Rauf Həbibova “gözün üstə qaşın var” demirdi. Nəhayət iş o yerə çatdı ki, icra başçısı əhalini açıq şəkildə təhqir etməkdən belə çəkinmədi. Sonda? Son artıq hamıya bəllidir…
Havanın qəfildən pisləşməsi hakimiyyətin ümidlərini puça çıxardı. Lakin hər şeyi də təbiətin ayağına yazmaq düz deyil. Rayondan aldığımız məlumata görə, ötən gün camaat ayağa qalxdı, ancaq “dövlətçiliyə dəstək” aksiyası üçün yox, həbs olunanlarla bağlı.
Düzdür, rəsmi məlumatlarda və rayon polis şöbələrində heç kimin saxlanılmadığı söylənilir. Amma rayon sakinləri deyirlər ki, martın 1-də keçirilən mitinqə görə 30-a yaxın şəxs saxlanılıb. Elə ötən gün meydana çıxmaq istəyən qubalıların qarşısına polis qüvvələri səfərbər edilib. Belə ki, Bakıdan bir neçə maşın “təcrübəli” polis və xüsusi təyinatlılar göndərilmişdi. Təxminən 1000 nəfərə yaxın heyət Qubanın giriş-çıxışlarını bağladı. Mitinq keçirib həbs olunanların azadlığa çıxarılmasını istəyən sakinləri ərazidən uzaqlaşdırdılar.
Rayon sakinləri yaxın günlərdə Qubada hansısa repressiv əməliyyatın hazırlanacağından narahatdılar.
Icra Hakimiyyəti ciddi nəzarətə götürülüb
Qubada bütün idarələrdə iclaslar keçirilib. Rayonda sakinlər arasında təbliğat aparılması göstərişi verilib. Yəni insanlar küçələrə çıxıb etiraz etməsinlər. Bundan başqa, Icra Hakimiyyətinin qarşısında artıq iki gündür ki, post qurulub.
Rayon sakinləri Rauf Həbibovun vəzifədən çıxarılmasıyla tam qane deyillər, sabiq başçının hüquqi məsuliyyətə də cəlb edilməsini tələb edirlər.
Rayonda yayılan məlumatlara görə, Rauf Həbibov mülklərinin yandırılacağını əvvəlcədən bilirmiş. Ona görə də o, qiymətli əşyalarını öncədən daşıtdıraraq evləri boşaldıbmış.
Bundan başqa, sabiq başçı mövcud qanunlara zidd olaraq Qubada sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş və onun sərəncamında şadlıq evi, hotel və ticarət mərkəzləri var idi. Bu gün həmin müəssisələrə rəhbərlik edən şəxslər Icra Hakimiyyətinə çağırılıb. Deyilənlərə görə, bu biznes obyektləri üzərində müəyyən “işlər” aparılacaq.
Kaset axtarışı
Bundan başqa, yerli jurnalistlər gün ərzində polisə çağırılıb. Jurnalistləri çağırmaqda məqsəd 1 mart hadisələri haqda əlavə dəlillər toplamaqdır. Onlardan apardıqları videoçəkilişlər də istənilir. Iğtişaşlarda iştirak edənlərin kimliyi araşdırılır. Eyni zamanda rayonda belə söz-söhbət də dolaşır ki, jurnalistlər və aksiyanın işıqlandırılmasında rolu olan başqaları “böyük əks-sədaya səbəb olduqları” üçün məzəmmət edilir. Zor aparatının əlində olan KIV-lərin yerli şöbələrinin hadisəni işıqlandırması, internetdə yayımlaması ciddi narahatçılıq yaradıb.
Dünən günün sonunda məlum oldu ki, şəhərin ayrı-ayrı ünvanlarında yerləşdirilən polis dəstələri artıq rayonu tərk edib. Ərazini Qubanın və ətraf rayonlardan gələn polis dəstələri mühafizə edir.
Ümumi vəziyyətə gəldikdə, bildirilir ki, rayonda hələlik sakitlikdir. Nəzərdə tutulmuş hökumətə “minnətdarlıq mitinqi” əlavə gərginlikdən qaçmaq üçün təxirə salınıb. Hökumət bunu havanın soyuq olmasıyla izah edir. Ancaq martın 1-də havanın soyuq olmasına baxmayaraq, minlərlə insan meydana çıxmışdı. Bu isə o deməkdir ki, hökumətin planı alt-üst oldu.
Rayondan aldığımız məlumatlar içərisində Nəqliyyat naziri Ziya Məmmədovla deputat Vahid Əhmədovun da Qubada olduğu xəbəri var. Deyilənlərə görə, onlar Ilham Əliyevin tapşırığına əsasən rayondadırlar. Gərginliyi aradan qaldırmaq üçün müəyyən işlər görürlər.
Qubaya gedən bütün yollara – Xırdalan, 20 Yanvar, eləcə də Xaçmaz, Şabran yollarına polis nəzarət edir.
“Azadlıq” radiosunun məlumatına görə, Qubada saxlanılanlardan biri – Intiqam Zahidov sərbəst buraxılıb. Saxlanılanlardan Samir Xammədovla bağlı isə heç bir məlumat yoxdur.
Ramin DEKO