Bu, Azərbaycan hökumətinin mahiyyətidir
AXCP Quba icra başçısının davranışının təsadüfi olmadığını, onun Azərbaycan hakimiyyətinə oxşadığını bəyan etdi
Azərbaycan Xalq Cəbhəsi Partiyası Qubadakı sosial iğtişaşlarla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu hadisə yalnız hansısa bir icra başçısının hansısa nalayiq ifadəsinin yaratdığı sosial narazılıq effekti kimi izah edilə bilməz. Baxmayaraq ki, insanlar həmin nalayiq davranışın cavabının verilməsində tam haqlıdırlar.
Xalq Cəbvhəsi partiyası bildirir ki, Quba hadisələri, eyni zamanda və daha çox, illər uzunu insanlar üçün məqsədli şəkildə yaradılan problemlərin doğurduğu sosial hərəkatdır: “Bu hadisə onu göstərir ki, Azərbaycan hakimiyyəti özünün yarıtmaz mahiyyəti ilə insanları ən ağır sosial şərtlər altında yaşamağa vadar edib və insanlar ilk sosial təkanla öz haqlarını və dəyərlərini qorumaq üçün hüquqlarından istifadə edirlər”.
AXCP-nin bəyanatında vurğulanır ki, əslində Qubanın icra hakimiyyətinin başçısı daşıdığı keyfiyyətlərə görə yeganə nüsxə deyil: “ölkə, əsasən bu cür kadrların vasitəsilə idarə edilir və hakimiyyətin kadr siyasəti bu cür keyfiyyətin daşıyıcıları olan insanların üzərində qurulub”.
Xalq Cəbhəsi Partiyası qeyd edir ki, Quba hadisələri Azərbaycan insanının öz haqqı və ləyaqəti uğrunda mübarizə aparmaq qabiliyyətinə şübhə ilə yanaşanlara tutarlı cavabdır: “Kimsə fikirləşməsin ki, öz yaramaz eksperimentləri ilə bu xalqı kölə etməyə və onu əbədi olaraq susdurmağa qadirdir. Quba hadisələri Azərbaycan xalqının nadan başçıların və yaramaz siyasətin cavabını vermək üçün böyük imkanlarının olduğunu hər kəsə açıq-aydın göstərməkdədir”.
AXCP, nəhayət, bu hadisələrin yaranmasına görə məsuliyyəti hökumətin, şəxsən İlham Əliyevin üzərinə qoyur: “Məlumdur ki, Qubanın icra başçısı bu nalayiq ifadələri xeyli müddət əvvəl səsləndirib. Bu müddət ərzində sosial şəbəkələrdə, mediada icra başçısının bu tərbiyəsizliyi gen-bol müzakirə edilib. Amma dövlətə rəhbərlik edənlərin Azərbaycan xalqının mental dəyərlərinə, heysiyyətinə aidiyyəti olmamış kimi davranmalarının daha bir sübutudur ki, bu müddət ərzində həmin icra başçısı haqqında heç bir tədbir görülməyib. Milləti təhqir edən bu yaramaz kadr öz yerində saxlanılıb. Xalq ayaqlanması baş verdikdən sonra belə onun layiq olmadığı bu vəzifəıdən uzaqlaşdırılması üçün yox, xalqı ram etmək üçün tədbirlər görülür”.
İnformasiya şöbəsi