Winston Churchill 1946-cı il martın 5-də Avropa üzərinə «Dəmir pərdə»nin çəkildiyini elan etdi və israrla bildirdi ki, insan azadlığı və hüquqları kimi böyük prinsiplərin müdafiəsindən heç vaxt çəkilməməliyik. ABŞ-ın qəzeti redaksiya məqaləsində yazır ki, bu sözlər bu gün də dəyərlidir, çünki avtokratlar və tiranlar irəliləyir.
«Bu gün fərqli bir pərdə çəkilməkdədir. Milyardlarla insan təməl azadlıqlardan məhrum edilir. Söhbət kommunizmdən getmir. Rusiyadan Çinə, Yaxın Şərq və Orta Asiyaya, Latın Amerikasından Afrikayadək despotlar güc və qorxudulma yoluyla idarəçilik qurublar. Son onillikdə həmin liderlər xeyli məharətlə davranıb, liberal demokratik düzənə paralel kainat yaradıblar. Bu quruluşda ali güc dövlətindir, siyasi rəqabət məhv edilib, mülki cəmiyyət sıxışdırılıb, söz, birləşmə, etiqad azadlığı boğulub», – məqalədə deyilir.
Qəzet vurğulayır ki, özəlliklə Rusiya və Çin liderləri sərhədləri xaricində mükəmməl və aldadıcı metodlarla xeyli səmərəli təbliğat aparırlar. Bu taktika yalan və dezinformasiya yayır, çox vaxt ona qarşı dayanmaq da çətindir. Birləşmiş Ştatlar və digər demokratiyalar bu yeni avtoritarizm dalğasına qarşı strategiya hazırlamalıdır.
«Vaxtilə ABŞ-ın maliyyələşdirdiyi radiostansiyalar «Dəmir pərdə» arxasından həqiqət yayırdılar. İndi də Qərb güclü rəqəmsal ötürücü quraşdırmalı, diktatorların torpağındakı milyardlarla əhali ilə əlaqə yaratmalıdır. Adamlar rəqəmsal sərhədləri aşmalı, yeni sosial mediadan yararlanmalıdırlar. Yüzlərlə çinli Böyük Səddi aşaraq «Twitter»də təşkilatlanıb. Niyə? Çünki bu alətlər işləyir, adamların mövqeyini gücləndirir, dövlətə meydan oxuyur».
Qəzet diqqəti ona yönəldir ki, Rusiya və Çin sükanı ələ alıb beynəlxalq medianı zəhərli təbliğatla doldurur, Rusiya RT, Çin «CCTV News» telekanallarından və İnternet trolları ordusundan yararlanır. Qərbin strategiyası böyük dövlət təbliğatını imitasiya edə bilməz və etməməlidir. Əksinə, liberal dəyərlərə və ideallara söykənməlidir.
«Son illər ABŞ hökuməti bu sahədə zəif nümunə göstərir. Hətta bəzən Birləşmiş Ştatların timsalında demokratiyanın gözdən salınması halları da olub. Ancaq bu problemlər həll olunmalıdır, onlardan qaçılmamalıdır. Yeni prezidentlik demokratiyanın müdafiəsi məqsədilə yeni strategiyanın hazırlanmasından ötrü əlverişli məqama çevrilə bilər. Yoxsa azadlıq mövqeyini itirməkdə davam edəcək».
(azadliq.org)