Nemət Əliyev: «Müasir dünyada elə dövlət yoxdur ki, əlaqələri tam kəsilmiş formada fəaliyyət göstərə bilsin»
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Qərbi ittiham edən sonuncu məqaləsində daha bir maraqlı məqam nüfuzlu beynəlxalq maliyyə qurumlarını hədəf seçməsidir.
R.Mehdiyev Beynəlxaq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Dünya Ticarət Təşkilatını (DTT) dövlətlərin düşməni kimi təqdim edir. Onun fikrincə, bu strukturlar “dövlətlərin suverenliklərinin zəifləməsində” heç də az rol oynamırlar.
Ramiz Mehdiyevə görə, DTT və digər beynəlxalq maliyyə qurumları hər vəchlə ölkələrin iqtisadiyyatları üzərində nəzarətlərini gücləndirirlər: “Onların yürütdükləri siyasət nəticəsində milli iqtisadiyyatlar dağılır, inkişaf etmiş dövlətlərin sırasına daxil olmayan ölkələrin əhalisinin sosial vəziyyəti ağırlaşır”.
PA rəhbəri hesab edir ki, qlobal maliyyə axınlarını tənzimləyən struktur olan BVF formal olaraq beynəlxalq təşkilat sayılır, əslində isə, daha çox inkişaf etmiş dünya ölkələrinin maraqlarını qoruyan alətə çevrilib. Onun sözlərinə görə, milli dövlətlərin iqtisadiyyatını dağıdan DTT də oxşar rolu oynayır. Nəticə olaraq, BVF, DB, DTT və digər beynəlxalq maliyyə təşkilatları bir tərəfdən dünya iqtisadiyyatına öz nəzarətlərini gücləndirirlər, digər tərəfdən isə milli iqtisadiyyatları dağıdır və bununla da ölkələrin əhalisinin sosial vəziyyətini pisləşdirirlər.
Hazırda qlobollaşan dünyada həqiqətənmi adları çəkilən maliyyə qurumları ilə əməkdaşlıq etmədən normal iqtisadi münasibətlər yaratmaq və güclü iqtisadiyyata sahib olmaq mümkündür?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, R.Mehdiyevin fikirləri köhnəlmiş yanaşmadır. R.Mehdiyevin təfəkkürünün geri qaldığını deyən N.Əliyev hesab edir ki, müasir dünya ilə ayaqlaşmaq lazımdır: “Müasir dünyada elə dövlət yoxdur ki, əlaqələri tam kəsilmiş formada fəaliyyət göstərə bilsin. Əksinə, müasir dünya bir-birinə qaynayıb-qarışmaqla, bir-birilə inteqrasiya etməklə irəliyə doğru addım atır. Yəni inteqrasiya əlaqələri hesabına hər hansı ölkədə olan texnoloji üstünlükləri, yenilikləri əxz etməklə inkişaf etmək mümkündür. Qapalı sistem özünü doğrultmadı. Yetmiş il müddətində sovetlər qapalı iqtisadi sistemdə yaşadılar. Amma bu sistem dağıldı və sübut etdi ki, bu cür yaşamaq mümkün deyil”.
N.Əliyev hesab edir ki, R.Mehdiyevin bu fikirləri çox zərərlidir və müasir dünya ilə heç bir əlaqəsi yoxdur. N.Əliyevin sözlərinə görə, Azərbaycanın yolu inkişaf etmiş ölkələrə inteqrasiyadan keçir: “Azərbaycan dünyanın ucuz maliyyə resurslarına sahib olan banklarından – Dünya Bankından, Avropa Yenidənqurma və Inkişaf Bankından, Beynəlxalq Valyuta Fondundan faydalanmalıdır. Bu maliyyə təşkilatları ili 0.75 faizlə kredit verirsə, ondan niyə faydalanmayasan? Bu daha faydalı olar, yoxsa dünyada tanınmayan təşkilatlardan illik 7-9 faizə vəsait cəlb etmək faydalı olar?”
Amma bu ucuz kreditləri almaq üçün Azərbaycanın müəyyən şərtlərə əməl etməli olduğunu deyən N.Əliyev bildirdi ki, məsələn, DB Azərbaycana ucuz kredit təklif etsə də, Azərbaycanın təşkilatın irəli sürdüyü şərtlərlə razılaşmaması müqaviləni mümkünsüz etdi: “Çünki, Dünya Bankı tələb etdi ki, mən əmin olmaq istəyirəm həmin maliyyə vəsaitləri təyinatı üzrə xərclənəcək, yoxsa, yox. Bunun nəyi pisdir?”
Hikmət