Tarix elmləri doktoru
Şəlalə Məmmədova 1990-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildə “Mətbuat və Azərbaycanda xalq kütlələrinin ictimai-siyasi təfəkkürünün formalaşması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1991-2016-cı illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2014-2015-ci dərs dilində ABŞ-ın Austin Texas Universitetində dəvətli araşdırmaçı kimi dərs deyib. 2014-cü ildə “Azərbaycan SSR-də inzibati-amirlik sistemi : 1920-1930-cu illər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bir sıra maraqlı tədqiqatların müəllifidir. Onun “Totalitarizmin interpretasiyası. Azərbaycanda stalinizm, 1920-1930″ adlı əsəri yerli və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Son illərdə ötən əsrin 50-60-cı illərində Azərbaycanda sosial-siyasi həyat mövzusunda araşdırmalar aparır.
***
Son illər Azərbaycanda siyasi fəallara, rejim tənqidçilərinə qarşı həyata keçirilən sərt tədbirlər, beynəlxalq təşkilatların söz, mətbuat azadlığında mövcud olan ciddi məhdudiyyətlər haqqında hesabatları ölkədə siyasi qarşıdurmanın dərinləşdiyinə dəlalət edən faktorlardandır. Həyata keçirilən sərt tədbirlər əhalinin böyük əksəriyyəti, həmçinin siyasi fəalların özləri tərəfindən qorxutma, azad və tənqidi düşüncənin qarşısının alınması kimi qiymətləndirilir. Sərt repressiv tədbirlər doğrudanmı insan təfəkkürünü buxovlamağa, insan iradəsini qırmağa, sivil vətəndaş cəmiyyəti ideyaları uğrunda mübarizədən çəkindirməyə qadirdir? Demokratiya uğrunda mübarizə aparan fəalların həbsi, həbsxana təcrübəsi doğrudanmı siyasi rejimə siyasi və sosial stabilliyi təmin etməyə yardım göstərir.
Yaxın keçmişimizə – sərt tədbirləri, repressiyaları, kütləvi qırğınları ilə dünya tarixinin ən qəddar siyasi rejimlərindən hesab edilən sovet tarixinə kiçik bir ekskursiya bu “qorxutma”, “hədələmə”, “gözünün odunu alma” mexanizmlərinin effektiv vasitə olduğuna, təəssüf ki, dəlalət etmir. Əksinə, həbsxana təcrübəsi keçmiş, kriminal dünya ilə tanış olmuş və süni şəkildə normal cəmiyyətdən təcrid edilmişlərin sonradan elə siyasi hakimiyyətin özü üçün ciddi problemlər mənbəyi olacağını sübut edir. 70 ildən çox bir müddətdə mövcud olmuş sovet rejimi birbaşa və ya dolayı yolla 50 milyondan çox insanın fiziki məhvinə səbəb olmuşdu. Kollektivləşmə, qolçomaqlaşdırma, Ikinci dünya müharibəsinin qanlı döyüşləri, kütləvi terror və repressiyalar dövründə məhv edilmiş insanlar SSRI əhalisinin 30 faizindən çoxunu təşkil edirdi. Bu qırğınlar, təcridolunma və məhdudiyyətlər Sovet hakimiyyətinə SSRI ərazisində, eləcə də müttəfiq respublikalarda siyasi stabillik yaratmağa, yerli millətçiliyə, antisovet çıxışlara son qoymağa yardım etdimi?
Türmələrdə işgəncələr və məhbus qiyamları
Hələ müharibənin qızğın illərində Stalin düşərgələrində baş verən qiyamlar, üsyan və etirazlar sovet hökumətinə sərt tədbirlərin insan təfəkkürü və gücünün təzyiq və qorxu ilə idarə olunması üçün yetərli olmadığını sübut etmişdi. Stalinin ölümündən sonra elan edilən “Voroşilov əfvi” isə bütün ölkədə vəziyyəti olduqca gərginləşdirdi. 27 mart 1953-cü il fərmanı ilə Islah əmək düşərgələrindən bir milyon iki yüz mindən çox adam azad olundu ki, bu da həbs olunmuşların 50 faizindən çoxunu təşkil edirdi. Azad olunmayanlar isə düşərgələrdə mövcud olan işgəncələrə, kobud rəftara, insan ləyaqətini alçaldan hərəkətlərə, satqınlara, dözülməz saxlanılma şəraitinə qarşı üsyan, qiyam və etirazlarını davam etdirirdilər. Bu üsyanların bir qismi mütəşəkkil, bir qismi isə kortəbii şəkildə baş verir, çox zaman kütləvi qırğın və güllələnmə ilə başa çatırdı. Iğtişaş və üsyanların səbəblərini araşdıran SSRI Prokurorluğu bütün bunların əsasında məhbusların elementar vətəndaş hüquqlarının kobud şəkildə pozulmasının durduğunu qeyd edirdi. Həbsxana nəzarətçiləri üsyan və iğtişaşları yatırarkən qadın və südəmər uşaqlara belə rəhm etmir, yeri gəldi-gəlmədi odlu silaha əl atır, bununla da xüsusi düşərgə sakinlərinə kütləvi fiziki və psixoloji təzyiqi gücləndirirdilər. Bu iğtişaşların təşkilində milli qruplar, birliklər əhəmiyyətli rol oynayırdı. Onların içərisində “Qafqaz”, “Cənub”, “Baltikyanı”, “Çeçen”, “Alman” qruplaşmaları xüsusilə seçilirdi. Məhbusların idarə olunmasının xüsusilə çətinləşdiyi 1950-ci illərdə düşərgə rəhbərliyi milli münaqişələrdən məharətlə istifadə edərək, qarşıdurmaların qanlı toqquşmalara qədər davam etməsinə göz yumurdu. 1940-ci illərin sonlarından başlayaraq, düşərgələrdə mövcud olan gərgin vəziyyət, aramsız etiraz və qiyamlar tədricən siyasi rəng alaraq sovet rəhbərliyini ciddi narahat etməyə başlayır. Rəhbərlik anlayırdı ki, gec-tez bu iğtişaşlar ciddi sosial partlayışa səbəb olacaq.
Siyasi stabillik mifi
Uzun müddət, hətta sovet dövləti dağıldıqdan sonra belə, cəmiyyətdə sovet dövündə siyasi stabilliyin mövcudluğu barədə yanlış fikir formalaşmışdı. Lakin tarixi sənədlər, aşağıdan yuxarıya göndərilən hesabatlar, güc strukturlarının həyata keçirdiyi, lakin cəmiyyət üçün gizli qalan əməliyyatlar bu fikrin sadəcə, sovet təbliğatının yaratdığı bir mif olduğunu göstərir. 1940-cı illərdə SSRI-nin ucqarlarında mövcud olan xüsusi düşərgələrdə Baltikyanı və Ukrayna millətçilərinin, Qızıl Ordu əsgər və zabitlərinin, düşərgə rəhbərliyinə və dolayı yolla sovet rejiminə qarşı aktiv mübarizəsi bu dediklərimizə bariz sübutdur. Bu məlumatların bir qismi artıq 1950-ci illərdə Qərb oxucularına Stalinin ölümündən sonra düşərgələrdən azad olaraq vətənlərinə dönmüş xarici məhbusların dərc etdirdikləri xatirələrindən bəlli olmuşdu. Bu məlumatlar dünya ictimaiyyətinə sovet rejiminə qarşı mübarizənin perspektivləri, bu mübarizədə iştirak edən qüvvələrin sosial və siyasi motivləri, əsas istiqamətləri haqqında məlumat verirdi. Bu məlumatlar sovet dövrünün mövcud olduğu bir necə onillikdə ciddi sosial və psixoloji faciə yaşamış xalqla hakimiyyət arasında münasibətlərin gələcək konturlarını müəyyən etməyə, güc və qorxunun hansı həddə və nə dərəcədə insanları itaətdə saxlamağa yardım etdiyini də göstərirdi. Maraqlıdır ki, bu münaqişələrin ən güclüsü və xüsusi qüvvələrin cəlb edilməsi səviyyəsinə görə əhəmiyyətlisi Azərbaycanın Sumqayıt şəhərində baş vermişdi.
(Ardı var)