«Cinayətlərinizə ortaq axtarırsızsa, o, biz deyilik!»
«Bu gün Qərbin dəbdəbəsinin arxasında milyonlarla afrikalının göz yaşları var»
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının 1915-ci il olaylarını «erməni soyqırımı» kimi tanımasına ilk dəfə geniş münasibət bildirib.
«Ey Almaniya, əvvəlcə Holkostun hesabını ver!»
Ərdoğan Almaniyanı əvvəlcə Holokost faciəsinin (yəhudi soyqırımı) hesabını verməyə çağırıb: «Ey Almaniya, əvvəlcə Holkostun hesabını ver! Namibiyada yüz mindən artıq yerli sakini necə məhv etdiyinin hesabını ver! Siz parlamentinizdə türklərin «erməni soyqırımı» törətdiyinə dair səsvermə keçirəcək sonuncu ölkəsiniz. O ki qaldı tariximizə, çəkinəcək yerimiz yoxdur. Bizimki qətliam deyil, mərhəmət, şəftəq tarixidir. Aramızdakı fərq budur».
Ərdoğan deyib ki, Qərb ölkələrinin bugünkü dəbdəbəsinin arxasında afrikalıların acı dramı durur: «Bu gün Qərb dövlətlərinin paytaxtlarında rast gəldiyiniz dəbdəbə pərdəsini qaldırsanız, arxasında milyonlarla afrikalının dramını, göz yaşlarını görmüş olarsız.
Berlinin, Parisin, Brüsselin bəzəyinin altında…
Berlinin, Parisin, Brüsselin bəzəyinin altında afrikalıların canı, qanı, əməyi və alın təri var. Aradan uzun illər keçsə də, həqiqətləri unutdurmaq üçün müəyyən təzyiq və müdaxilələr olsa da, Osmanlının adı çəkiləndə insanların üzü gülür, ürəyi yanır, gözləri parlayır, dillərindən gözəl sözlər tökülür. İnsanların ağlına qətl edən, istismar edən, əzən, yox edən deyil, yaşadan, ədalətlə hökm edən bir mədəniyyət gəlir. Osmanlı budur. Şükürlər olsun ki, bu dünyada çox az millətə nəsib olan qiymətli və nadir bir mirasdır».
Türkiyədə 100 minə yaxın erməninin yaşadığını deyən Ərdoğan onların yarısının ölkə vətəndaşı olduğunu bildirib: «Suriyadan, İraqdan gələnləri necə qonaq etmişiksə, Ermənistandan gələnləri də ölkəmizdə elə saxlayırıq. Bütün bunlardan sonra Türkiyəyə qarşı belə münasibətin bağışlanacaq tərəfi varmı? Biz daha fərqli yaşaya bilərdik. Düşmən kimi yanaşsaydıq, hamısını Ermənistana geri göndərərdik».
Türkiyənin arxivlərində milyondan artıq sənədin olduğunu deyən Ərdoğan Qərbə çağırış edib: «Özünüzə güvənirsizsə, ləyaqətiniz, elminiz varsa, hüquqşünaslarınızı çıxarın, tarixçilərinizi, arxeoloqlarınızı göndərin. Hansı ölkədən gələcəklərsə, gəlsinlər. Gəlib araşdırsınlar. Dediyiniz şeyə rast gəlsələr, biz tariximizlə üzləşməyə hazırıq. Amma bunu edə bilmədilər».
«Bu ucuz oyunlara gəlməyəcək, bu müştəbehliyə əsla boyun əyməyəcəyik!»
Türkiyə prezidenti Bundestaqın qərarına toxunaraq almanları öz cinayətlərinə ortaq axtarmamağa səsləyib: «Əgər ortaq axtarırsınızsa, o, biz deyilik. Gedin, başqa yerdə tapın. Elmi araşdırmalar aparmaq əvəzinə, parlament səviyyəsində kirli əməllər gerçəkləşdirirsiniz. Bunu edə bilməzsiniz! Bu qulaqdan girər, o birindən çıxar. Onsuz da bunun beynəlxalq hüquqda heç bir qiyməti yoxdur. Biz bu ucuz oyunlara gəlməyəcək, bu müştəbehliyə əsla boyun əyməyəcəyik! Biz rahatıq. Məqsəd, çözüm tapmaqdırsa, biz buradayıq. Lakin bu mövzudan hər dara düşəndə Türkiyəni döymək üçün zopa kimi istifadə etməyinizə imkan verməyəcəyik».