xaqaniquzeyli@gmail.com
Yazıma hər kəsə tanış bir ifadə ilə başlamaq istəyirəm – “Əşşi biz düzələn deyilik, rüşvət bizim qanımıza, sümüyümüzə işləyib, kim gəlirsə gəlsin xeyri yoxdur”.
Başqa bir ifadə isə hakimiyyətin əbədiliyinə işarədir – “Arxalarında Rusiya kimi dövlət durub, bunlara heç nə eləmək olmaz”.
Razılaşın ki, nə qədər “obıvatel” olsa da, bu bədbin ifadələr işləyir. Nəzərə alsaq ki, postsovet respublikaların çoxu hazırda Rusiyanın təsir dairəsindədir və MDB və Avrasiya İttifaqı kimi birliklərin tərkibindədir. Lakin onların heç birisinin vəziyyəti Azərbaycan kimi acınacaqlı deyil. Biz yeganə ölkəyik ki, Rusiyanın iştirakı ilə ərazilərimizin dörddə biri işğal olunub, amma hakimiyyət yenə Rusiyanın ətəyindən yapışır. Bunun heç bir məntiqi izahı olmasa da, məsələ gün kimi aydındır – ölkənin sərvətini çapıb – talamaq üçün ən münasib müttəfiq Rusiyadır.
Hakimiyyət seçimini etsə də xalq hələ etməyib. Ölkədə hansı şəraitin yaranmasını söyləməkdə çətinlik çəkməsəm də, ayrı – ayrı illərdə gördüyüm iki oxşar vaqeə ilə yazımı yekunlaşdırıram. Nəticəni özünüz çıxarın. İkincidən başlayıram.
… Bu yaxınlarda mənə Mərkəzi Respublika Xəstəxanasının reanimasiya şöbəsində xəstə yiyəsi (ifadə tibbi personala aiddir – X.Ə) olmaq şərəfi nəsib oldu. Çox qısa bir müddət ərzində mühafizə xidməti də (!) daxil olmaqla personal bizdən artıq 400 manata qədər qopardı. Hər şey o qədər ani oldu ki.. Digər tərəfdən başqa çarəmiz yox idi, həkimlər vəziyyəti o qədər dramatikləşdirmişdilər ki, bazarlıq etməyə sadəcə utanırdıq. Sabahısı gün xəstəni palataya yerləşdirmək üçün əlavə 200 manat tələb etdilər. Verilən pulun müqabilində xəstəmizə 1 manat 20 qəpik dəyərində “sistem” qoşdular. Birisi gün isə, bildirdilər ki, qorxulu bir şey yoxdur, evə apara bilərsiniz. İndi isə sualım sizədir əziz oxucu, siz nə edərdiniz? Məncə risk etməzdiniz, çünki sizdən utanmadan pul istəyən hər şeyə gedə bilər. Bu rüşvət deyil, vəziyyətdən sui – istifadə edərək soyğunçuluq etməkdir. Boş verin keçək əsas məsələyə.
…1997 – ci ildə heç vaxt inana bilməzdim ki, Gürcüstan nə vaxtsa dəyişə bilər. Türkiyədən avtobusla Gürcüstan üzərindən Bakıya səfərim zamanı bu qənaətə gəlmişdim. Təxminən 20 dəfə avtobusumuzu yollar boyu özbaşına qurulmuş mülki postlarda (!) saxladılar. Təpədən – dırnağa qədər yoxlayırdılar, daha sonra əli avtomatlı şəxslər sərnişinlərdən adambaşına beş dollar tələb edirdilər. Bizə deyirdilər ki, yol filan yerə qədər təhlükəlidir, bu pulların müqabilində sizi müşaiyət edəcəyik. Bəziləri heç onu da etmirdi, deyirdilər ki, burada Gürcüstan qanunları işləmir, ərazi şəxsidir və torpaqbasdı pulu verməlisiniz…
Qırmızı körpüyə çatanadək, sözün əsl mənasında bir kabus yaşadıq…
…Gürcüstan adlı dövlət sözün əsl mənasında parçalanmaq üzrə idi. Lakin gürcü xalqı iradəsini ortaya qoydu və bir millət kimi yaşamağa qadir olduğunu bütün dünyaya sübut etdilər. Cəmi bir il sonra, 1998 – ci ildə yaranan müxalifət tezliklə hakimiyyətə şərik oldu, bir neçə il sonra isə Mixail Saakaşvilinin rəhbərliyi altında o vaxtkı prezident Eduard Şeverdnadzeni istefaya göndərdi.
Ardınca rüşvətxor məmurlar, cinayətkarlar getdi. Saakaşvili prezidentlik müddətini başa vurub , sakitcə kənara çəkildi.
Bu günkü Gürcüstan haqqında nəsə yazmağım elə bilirəm ki, artıqdır.
Yalnız onu deyə bilərəm ki, onların nümunəsində bir daha sübut olundu ki, rüşvətxor, korrupsioner xalq yoxdur, məmur var…