ABŞ-da həbs edilən iranlı biznesmen və Türkiyə vətəndaşı Reza Zərrabın 50 milyon dollar müqabilində zaminə buraxılma tələbini məhkəmə bu gün New York-da dəyərləndirəcək.
Zaminə buraxılma tələbinə qarşı çıxan New York Cənub Dairəsi Baş Prokuroru Preet Bharara iş adamının vəkillərinin məhkəməyə təqdim etdiyi sənədlərə etiraz edib.
Baş Prokuror Bharara, Zərrabın məhkəməni aldatmağa çalışmağa davam etdiyini bildirib.
O, cənab Zərrabın vəkillərinin “hüquqi baxımdan qüsurlu” və “yanlış” məlumatlar verdiyini deyib.
Zərrabın böyük sərvətini gizlətməyə çalışdığını deyən Bharara, biznesmenin ilkin istintaqda ingiliscə bilmədiyi və tərcüməçi verilmədiyi üçün səhv bəyanat verməsinə dair iddiasının həqiqətə uyğun olmadığını bildirirb.
Bharara sorğu zamanı tərcüməçinin orada olduğunu və bunun məhkəməyə verilən videoda təsvir olunduğunu deyib.
Bharara bildirib ki, Zərrab zaminə buraxılarsa, böyük sərvəti və yüksək rütbəli şəxslərlə münasibətləri olduğu üçün ölkədən qaçma riski genişdir.
(bbc azəri)