İyunun 2-də Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının “soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsi səsverməyə çıxarılıb. Bundestaqın demək olar ki, bütün deputatları qətnamənin lehinə səs veriblər. Cəmi 1 deputat sənədin əleyhinə səs verib, 1 deputat da bitərəf qalıb.
5 səhifəlik sənəd 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırımına məruz qalmasını anmağa çağırır. Ermənistan həmin vaxt milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir. Ankara isə ötən əsrin əvvəlində – Osmanlı Imperiyası zamanında baş verən hadisələri soyqırımı kimi qəbul etmir. Və rəqəmlərin şişirdildiyini, həmin vaxt hər iki tərəfdən xeyli sayda ölənlərin olduğunu bildirir.
Qətnamə əleyhinə nəhəng aksiya
Qeyd edək ki, sənədi dəstəkləyənlər arasında kansler Angela Merkel də var. Sənədin qəbulundan əvvəl Almaniyada yaşayan 3,5 milyonluq türk əsilli vətəndaş qətnamənin əleyhinə kütləvi nümayiş keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə dəfələrlə bəyan edib ki, belə bir sənədin qəbulu ikitərəfli əlaqələri əngəlləyəcək.
Baş nazir Binəli Yıldırım da bu qərarın Türkiyə-Almaniya münasibətlərinə xələl gətirəcəyini bildirib.
Baş nazir “erməni soyqırımı” haqda qanun layihəsinin Almaniya parlamentində planlaşdırılan müzakirəsini “dostluq üçün test” adlandırmışdı.
AKP, CHP və MHP-dən Bundestaqa etiraz
Bundestaqın dünənki iclasından əvvəl Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının AKP, CHP VƏ MHP-dən olan üzvləri Almaniya parlamentinin “erməni soyqırımı”na dair qətnamə layihəsini müzakirəyə çıxarması ilə bağlı birgə etiraz bəyanatı yayıblar.
Bəyanatda bildirilir: “Bundestaqın ÿəsassız “erməni soyqırımı” iddialarını dəstəkləyən bir qərar layihəsini müzakirəyə çıxarmasını, ÿ1915-ci il hadisələri haqqında tarixi həqiqətləri təhrif edən və hüquqa uyğun gəlməyən layihəni şiddətlə qınayır və rədd edirik. Ikinci dünya müharibəsinin xüsusi şərtlərində yaşanan və türklərlə ermənilərin qarşılıqlı olaraq böyük ağrılar çəkməsinə səbəb olan hadisələrin tərəfli, təhrif edilmiş və müxtəlif subyektiv siyasi manipulyasiyalarla ələ alınaraq “soyqırımı” olaraq təqdim edilməsi əsla qəbul edilə bilməz.
Soyqırımı siyasi məqsədlərlə istismar edilə biləcək bir anlayış deyil. Beynəlxalq hüquqda tərifi açıq və qəti olaraq edilmiş bir cinayətdir. 1915-ci il hadisələrinin “soyqırımı” olduğuna dair səlahiyyətli bir məhkəmə qərarı olmadığı kimi, bu mövzuda hər hansı bir uzlaşmanın varlığından bəhs etməyin də mümkün olmadığını, Avropa Insan Hüquqları Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli “Perinçek – Isveçrə işi” qərarı da təsdiq edib”.
Bəyanatda qeyd olunur ki, Bundestaqın bu addımı Almaniyadakı 3 milyonluq türk icmasının vəziyyətinə də pis təsir edəcək, türklərlə almanları bir-birindən uzaqlaşdıracaq.
Türkiyədən operativ reaksiya
Qətnaməyə operativ reaksiya verən Türkiyə hökuməti Almaniya parlamentinin bu qərarını tanımayacağını bildirib. Ölkənin Xarici Işlər Nazirliyi Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsinə cavab olaraq bu ölkədən səfirini geri çağırıb.
Səfir Hüseyn Avni Karslıoğlu dünən axşam saatlarında Istanbula qayıdıb. Onun məsləhətləşmələr üçün geri çağırıldığı bildirilir.
Rəsmilərdən ilk açıqlama verən AKP sözçüsü Yasin Aktay Almaniya parlamentindəki səsvermənin iki ölkə münasibətlərinə ciddi zərər verəcəyini deyib.
Ərdoğandan sərt mesaj
Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentində 1915-ci ildə baş verən hadisələrə dair qətnamənin qəbulunu sərt şəkildə qınayıb: “Ilk addım olaraq biz Berlindəki səfirimizi geri çağırırıq. Bundestaqın bu qərarı Almaniya və Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək. Biz qiymətləndirmə apardıqdan sonra lazım olan tədbirləri görəcəyik”.
Türkiyə parlamenti Bundestaqın qərarına cavab olaraq rəsmi deklarasiya qəbul etməyi planlaşdırır. Bundan başqa, Almaniyanın Ankaradakı səfiri Martin Erdmann məsələ ilə bağlı Türkiyə Xarici Işlər Nazirliyinə çağırılıb.
“Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun bərpa olunmasına yardım etmək niyyətindədir”.
Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib(apa). Onun sözlərinə görə, Almaniya və Türkiyəni çox şey bir-birinə bağlayır. O, həmçinin Almaniyanın Osmanlı Imperiyasında baş verən hadisələrin anlaşılmasına da yardım etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Merkel Bundestaqın məlum qətnamə layihəsinin təsdiq olunduğu iclasına qatılmayıb.
Erməni tərəfi məmnun qalıb
Ermənistan Xarici Işlər Nazirliyi isə Almaniya parlamentinin qərarını məmnunluqla qarşıladığını bəyan edib.
Xatırladaq ki, uydurma erməni “soyqırımını” tanıyan ölkələr arasında Rusiya, Uruqvay, Fransa, Polşa, Kanada, Niderland, Belçika, Argentina, Braziliya, Litva, Vatikan var. Həmçinin ABŞ-ın əksər ştatları, Avropa Parlamenti və Ümumdünya Kilsələr Şurası da bu “soyqırımını” tanıyanlar sırasında yer alır.
Miqrant sazişi təhlükə altında
Şərhçilər hesab edir ki, bu qərar Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasının həyata keçirilməsini daha da çətinləşdirəcək. Bu razılaşmada Türkiyənin bütün qanunsuz miqrantları qəbul etməsi, əvəzində Ankaraya əlavə vəsait ayrılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.
BBC-nin Berlin müxbiri Damien Mk Guinness yazır ki, Ankaradan gələn reaksiyalar, gözlənildiyi kimi, çox sərt olub: “Türkiyənin xarici işlər naziri hətta Berlini öz tarixinin qara səhifələrini ört-basdır etməyə çalışmaqda ittiham etdi. Aydındır ki, bu, Almaniyanın nasist keçmişinə işarə idi. Ancaq bir çox alman siyasətçiləri üçün bu səsvermə elə məhz bunun əksidir. Bu, yalnız Türkiyənin 20-ci əsrdəki çətin tarixilə yox, həm də Almaniyanın həmin dövrdəki tarixilə bağlıdır. Parlamentdəki çıxışlardan bir çoxu 1915-ci il qətliamında Almaniyanın məsuliyyət daşımasına yönəlmişdi. O zaman Almaniya imperiyası Osmanlının hərbi müttəfiqi idi. Almaniya kütləvi qırğınlar barədə məlumatlı ola-ola onların qarşısını almaq üçün heç nə etməməkdə ittiham olunur. Beləliklə, bir çox alman üçün bu qətnamə Almaniyanın tarixi qəbahəti ilə bağlıdır. Ancaq əsas sual odur ki, bütün bunlar Avropanın miqrant böhranını çözmək cəhdləri üçün nə deməkdir. Diplomatik münasibətlər gərginləşə bilər. Lakin Berlində ümid edirlər ki, gərginlik Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasına ziyan vurmayacaq”.
Əli Kərimli: “Bu qətnamə Türkiyəyə təzyiq üçün qəbul edilib”
AXCP sədri Əli Kərimli də “Facebook” səhifəsində Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanımasına münasibət bildirib: “Almaniya parlamentinin olmayan “erməni soyqırımı”nı tanıması səhv qərardır. Aydındır ki, bu qərar tarixə istinadla deyil, hazırkı Almaniya-Türkiyə münasibətləri kontekstində, Türkiyəyə təzyiq məqsədilə qəbul edilib. Almaniya tarixən erməni lobbisinin zəif olduğu, əksinə Türkiyə ilə, son illərdə isə Azərbaycanla da sıx əlaqələri olan güclü Avropa dövlətidir. Almaniya parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamə də qəbul edib. Həm də bir neçə dəfə.
Açıq etiraf etmək lazımdır ki, bugünkü qətnamənin qəbul edilməsində Türkiyə hakimiyyətinin və qismən də Azərbaycan hakimiyyətinin səhv siyasətlərinin də ciddi payı var. Türkiyənin və Azərbaycanın strateji maraqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşan Almaniya həm Türkiyədən, həm də Azərbaycandan vaxtaşırı demokratik islahatlar da tələb edir. Almaniya ilə dostluğu, strateji tərəfdaşlığı yüksək qiymətləndirib, onun demokratikləşmə ilə bağlı çağırışlarına həssas yanaşıb, bu müttəfiqliyi daha da möhkəmlətmək lazım idi. Təəssüf ki, bu yol seçilmədi. Lakin nəinki dünyanın, heç Almaniya-Türkiyə münasibətlərinin də sonu deyil. Siyasətin vəzifəsi Türkiyə-Almaniya və Azərbaycan-Almaniya münasibətlərinin daha sağlam və daha praqmatik inkişafına nail olmaqdır. Doğrunu deməkdən çəkinməli deyilik. Bəli, qətnamənin qəbulu tarixi, hüquqi və siyasi baxımdan səhv olub və şübhəsiz ki, Türkiyə ilə münasibətlərə ciddi xələl gətirəcək. Lakin bu hadisədən istifadə edib istər Türkiyədə, istər Azərbaycanda anti-Almaniya “isterikası” yaratmaq istəyənlər də səhv etmiş olacaqlar. Bunu da deməliyik”.
Aydın Taş