Prezident Recep Tayyip Ərdoğan bu günə qədər doğuma nəzarət, ailədə uşaqların sayı və qadınlarla bağlı onlarca ziddiyyətli bəyanatlar verib.
Lakin onun bazar ertəsi verdiyi bəyanat indiyədək verdiyi açıqlmaların ən ümumiləşdiricisi idi. O müsəlman ailələrin doğuma nəzarət etməyəcəyini və etməməsi lazım olduğunu dilə gətirib.
Ərdoğan, “törəmələrimzi artırmalıyıq. Nəslimizi çoxaltmalıyıq. Əhali planlamasıdır, doğuma nəzarətdir, nədir, bunu heç bir müsəlman ailəsi etməməlidir” – deyib, – “Müsəlman ailəsi doğuma nəzarət etməz”.
Prezidentin sözlərinə hiddətlənənlər də olub, laqeyd qalanlar da və dəstəkləyənlər də…
Lakin hazırda sosial mediada bildirilən münasibətlərin əksəriyyəti tənqididir.
“Məncə doğuma nəzarət etməyək, qız uşaqlarını birdəfəlik torpağa gömək. Bu zəmanəmizə daha uyğun olar” – yazır kinayə ilə bir istifadəçi.
Bundan əvvəl də Ərdoğanın doğumlar və uşaqlar barədə bir sıra bəyanatları olmuşdu. Bunlardan bəzilərinə cəmiyyətin münasibəti dəstəkləyici, digərlərinə isə tənqidi idi.
Bu bəyanatların arasında, əlbəttə, ən çox hay-küyə səbəb olanı ailədə uşaqların sayı ilə bağlı olanı idi. Məsələn, o, 2013-cü ildə Diyarbakırda 400 cütün nikahını bağlayarkən uşaq sayı barədə belə bir tövsiyə vermişdi: “Bir olsa qərib olar, iki olsa rəqib, üç olsa nisbət olar, dörd olsa dövlət, sonrası Allah Kərimdir…Hə deməli azı 4 uşaq…”
Ərdoğanın cəmiyyətdə mübahisələrə səbəb olan bəyanatlarından biri də abortla əlaqədar idi. Ərdoğan abortu “cinayət” kimi tanıyır, buna heç kimin haqqı çatmadığını deyirdi.
“Ya uşağı ana qarnında öldürdünüz, ya da doğulduqdan sonra öldürdünüz, heç fərq etməz” – deyirdi prezident.
“Bu bəyanat Konstitusiyaya ziddir”
Yalnız Ərdoğan deyil, səhiyyə naziri və iqtidardan olan millət vəkilləri də aborta qarşı açıqlamalarla çıxış ediblər.
Qadın Sığınacağı Vəqfi Mor Çatının 2015-ci ildə apardığı araşdırma zamanı bəlli olmuşdu ki, aborta hamiləliyin ilk 10 həftəsində icazə verildiyi halda, xəstəxanalar abort müraciətlərini getdikcə daha çox rədd edir.
Bu araşdırmada İstanbuldakı 37 dövlət xəstəxanasına “abort edirsinizmi” sualı verilmiş, onlardan yalnız İstanbul şəhərində olan üçü istəyə uyğun şəkildə abort əməliyyatları etdiyini bildirmişdi.
Bu isə o demək idi ki, dövlətin və iqtidarın yuxarı qatlarından səslənən bəyanatlar hər halda praktikada həyata keçirdi.
Lakin bəs indi, Ərdoğanın bu istiqamətdə bir az da irəli gedən bəyanatlarına qadın təşkilatlarının reaksiyası necədir?
Türk Qadınlar Birliyinin sədri Sema Kendirci BBC Türkçenin suallarına cavab olaraq “bu bəyanatın harasından baxsanız da – əyridir” cavabını verib.
Image copyrightEPA
Kendirci habelə Ərdoğanın bu açıqlamasının Konstitusiyaya da zidd olduğunu bildirib:
“Konstitusiyanın 41-ci Maddəsində ailə planlamasının tədrisi və həyata keçirilməsi bir vəzifə kimi təsbit edilib”.
“Bu qanuna görə dövlət ailənin rahatlığı və rifahının, xüsusilə də anaların və uşaqların müdafiəsi, ailə planlamasının tədrisi və həyata keçirilməsi üçün lazımi tədbirləri görməyə borcludur” – deyib Kendirci.
O bunu da əlavə edib ki, ailələri gələcəyini təmin edə bilməyəcəyi sayda uşaq dünyaya gətirməyə sövq etmək məsuliyyətini kimsə öz üzərinə götürə bilməz.
Kendirci bu bəyanatdakı din meyraına da etiraz bildirir. O deyir ki, ailəni bir “müsəlman ailəsi” kimi meyarlamaq düzgün yanaşma deyildir.
“Ailə doğum nəzarətini edə də bilər, etməyə də və bunun müsəlmanlıqla heç bir əlaqəsi yoxdur” – deyib Kendirci.
“Ərdoğanın bəyanatı təşviqat xarakterlidir”
Türkiyə bir çox Avropa ölkələri ilə müqayisədə daha gənc əhaliyə malikdir. Son 30 ildə təbii artım rəqəmləri azalsa da, 2015-ci ilin ortaq məlumatlarına görə bu ölkədə hər qadına düşən uşaq sayı 2,14 olaraq qalır.
Ayrı-seçkiliyə Qarşı Qadın Haqları Təşkilatı (AK-DER) dövlətlərin əhali siyasətlərinə malik olmasında qəbahət görmür.
Əksəriyyəti həkimlərdən və səhiyyə işçilərindən ibarət olan AK-DER təşkilatı BBC Türk xidmətinə deyib ki, “prezidentimizin özünəməxsus şəkildə dediyi bu sözlər əhalisi yaşlanmaqda olan Türkiyədə gənc əhalinin artırılması üçün dövlət siyasətinin ifadəsi olaraq başa düşülməlidir”.
Bu bəyanatda ayrıca olaraq deyilirdi ki, “uşaqlar müsbət və ya mənfi məhəllə təsiri altında deyil, sevildikləri və sülh içində yaşadıqları ailədə böyüməlidirlər”.
BBC Türkçenin suallarına cavab verən AK-DER direktorlar şurasının sədr müavini doktor Fatma Zehra Güneş xatırladıb ki, Avropada əhalinin gəncləşdirilməsi, Çində isə məhdudlaşdırılması kimi tədbirlər görülür.
Fatma Zehra Güneş deyib ki, dövlətin yüksək səviyyələrindən səslənən bəyanatlara gəlincə, onlar cəmiyyət içində öyrənildikdən sonra qərarlara çevrilir.
Doktor Güneş deyir ki, bu bəyanatlardan bəziləri cəmiyyət içində dəstək tapır, məsələn üç uşaq ideyasının dəstək tapdığı kimi – və ya dəstək tapmır.
O hesab edir ki, prezidentin son bəyanatı təşviqat xarakteri daşıyır və dövlətin bu məsələyə müdaxilə edəcəyini düşünmür. (BBC azeri)