Əli Kərimli SOCAR üçün yeni binanın tikintisini belə qiymətləndirdi
AXCP sədri Əli Kərimli SOCAR-ın yeni binasının açılışı ilə əlaqədar feysbuk səhifəsində yeni qeyd paylaşıb. Əli Kərimli yazır:
Gözünüz aydın, daha heç kim intizarda qalmasın. SOCAR hündürlüyü 200 metr olan, 40 mərtəbəli yeni ofisinin açılışını etdi. Həmin SOCAR ki:
– Bakının ən gözəl və tarixi binalarından birində yerləşirdi;
– Guya pulsuzluqdan son illərdə minlərlə işçisini ixtisar etmişdi;
– Ötən ili bir milyard manat ziyanla başa vurub;
– 1980-ci illərdə dənizdə tikilmiş platformaları təmir etməyə, dənizçilərə xüsusi qoruyucu paltarlar, müvafiq xilasedici qayıq və gəmi almağa “pul tapmayıb” (Ötən ilin dekabrında “Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğını və nəticələrini xatırlayın).
– 8.2 milyard dollar xarici borcu olduğu bildirilir;
– Xalqımıza yanacağı xaricilərə satdığından xeyli baha satır…
Və sonra da xalqın boğazından kəsib topladığı pullarla erməni kilsələrini pulsuz qazla təmin edir, beynəlxalq idman oyunlarına, varlı futbol klublarına sponsorluq edir, 200 milyon avronu Monteneqroda müəmmalı fiziki şəxs (sizcə kimlər ola bilər?) adından kurort tikintisinə yatırıb, daha 300 milyon da yatırmağı planlaşdırır, yalnız bir vitse prezidenti üçün tikilən villanın təkcə mərmər işlərini görmək üçün 1.5 milyon dollarlıq müqavilə bağlayır…
İndi bütün bu korrupsiya və israfçılığın məntiqi nəticəsi olaraq, böhran dövründə özünə 335 milyon dollara başa gələn, 200 metr hündürlükdə ofis tikdirib. Xalqa saymazyana münasibətin, onun özünü ac saxlayıb, sərvətlərini ya mənimsəməyin, ya da israf etməyin bariz nümunəsi. Xalqımız müdrikdir. Deyir axı, yeməyənin payını yeyərlər. Biz xalq olaraq, bu dövlətə, onun hakimiyyətinə və sərvətlərinə sahib çıxmadıqca belə də davam edəcək. Belə davam etməməsi üçün yenidən qamətimizi düzətməliyik, təşkilatlanmalıyıq, bizə məxsus olanlara sahib çıxmağı bacarmalıyıq!