Kəmalə Xəlilova: «Bənənyar faciəsi Xocalı faciəsindən daha dəhşətli idi»
Bu gün AXCP Culfa rayon təşkilatının sədri, ötən ilin yanvarında Bənənyar hadisələri zamanı həbs olunan, 17 günlük həbsdən sonra vəfat edən Rza Nuriyevin ölümünün ikinci ildönümüdür. AXCP fəalı, Bənənyar hadisələri zamanı özünü yandıran Yunis Əliyevin bacısı Kəmalə Xəlilovanın sözlərinə görə, Naxçıvan rəhbərliyi bu gün xüsusi anım mərasimi keçirməyə imkan verməyəcək. Amma bununla belə, Bənənyar sakinləri imkan daxilində R.Nuriyevi yad edəcəklər:
“Naxçıvanda qəddar bir rejim hökm sürür. Bunu ancaq orada yaşayanlar bilir. Amma yenə də Rza Nuriyevin ailəsi, yaxınları yığışacaq, onun məzarı kənd camaatı tərəfindən ziyarət olunacaq. Rza Nuriyev elə bir insandır ki, heç vaxt unudulmayacaq. Rza Nuriyev ölmədi, o, Elmar Hüseynov, Şahmərdan Cəfərov kimi qətlə yetirilən insanlardan biridir. Həbsdən çıxandan sonra Rza Nuriyevin bədənində işgəncə izləri var idi. Mən deyərdim ki, Bənənyar faciəsi Xocalı faciəsindən daha dəhşətli idi. Xocalı faciəsini ermənilər, ruslar törətmişdisə, Bənənyar faciəsini məhz Ilham Əliyevin polisləri törətdi. Bütün bunlardan sonra Ilham Əliyev Vasif Talıbova şərəf ordeni verdi”.
Xatırladaq ki, R.Nuriyev yanvarın 5-də Naxçıvan Muxtar Respublikasındakı Daxili Qoşunların Bənənyar kəndində keçirdiyi əməliyyatlar zamanı həbs edilmişdi. Bundan əvvəl isə Bənənyarda Aşura mərasimi zamanı polislə kənd sakinləri arasında gərginlik yaranmış, onlarla kənd sakini həbs edilmişdi. Kənd sakinlərindən valideynləri həbs edilən Yunis Əliyev isə polis zorakılığına etiraz olaraq özünü yandırmışdı. Naxçıvanın hüquq-mühafizə orqanları isə Rza Nuriyevi həm polisə qarşı iğtişaşlara rəhbərlikdə, həm də Yunis Əliyevi özünü yandırmağa təhrik etməkdə günahlandırırdı. 2010-cu ilin yanvarında barəsində 15 günlük həbs-qətimkan tədbiri seçilən R.Nuriyev bu qərardan 17 gün sonra azadlığa buraxılmışdı. Evində vəziyyəti pisləşən R.Nuriyev bir neçə gün sonra dünyasını dəyişmiş, fevralın 24-də doğulduğu Bənənyar kəndində torpağa tapşırılmışdı.
Həyat yoldaşının sözlərinə görə, R.Nuriyev həbsdən sonra kəskin ağrılardan şikayət edirdi: “Həbsdən çıxdıqdan sonra ürəyində təngimə vardı. Ayaqlarına kötəklərlə o qədər vurmuşdular ki, ayaqları şişmişdi. Bir də qarnında ağrılar vardı. Deyirdi ki, bu ağrı ciyərimə vurur. Nə qədər dedim həkimə getmədi. Dedi ki, tapşırarlar həkimə, mənə iynə vurub öldürər”.
Gültəkin