Futbolçu Cavid Hüseynov günahsız olduğunu bəyan etdi və məhkəmədən bəraət istədi
«Şəhidlər bizim hamımızındır» cümləsini söz xətrinə demək lazım deyil. Şəhidin ailəsi aylardır ki, nahaqdan zülmdədir
“Qəbələ” futbol klubunun keçmiş kapitanı, jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş futbolçu Cavid Hüseynovun məhkəməsi yekunaşır. Bir müddət əvvəl məhkəmə istintaqı başa çatıb və prokuror futbolçuya dörd il həbs cəzası istəyib. Dünən Səbail Rayon Məhkəməsində Cavid Hüseynov son sözünü deyib. O, bir daha bəyan edib ki, heç bir cinayət törətməyib və on aydır həbsdə saxlanılması ədalətsizlikdir.
Futbolçu deyir ki, məhkəmə istintaqı zamanı ona qarşı ittihamlar yox, əksinə, günahsızlığı tam sübuta yetirildi: “Rasim Əliyevin ölümü ilə nəticələnən hadisə mənim heç bir günahım olmadan baş verib. Bibim oğlu Elşən Ismayılov da məhkəmədə ifadəsində dedi ki, Rasimi mənə görə yox, ana söyüşünə görə vurub. Digər ifadələr də təsdiqlədi ki, onlar mənim xəbərim olmadan görüşüblər. Əgər hadisəni gizlətmək istəsəydim, hadisədən sonra Elşənə niyə deyirdim ki, ”get, polisə təslim ol”? Mən nə Rasimə, nə də anasına demişəm ki, “hüquq-mühafizə orqanlarına xəbər verməyin”. Əgər mən xəbər tutmamışdan əvvəl bütün saytlar bu barədə yazmışdısa, özü polisə xəbər vermişdisə, hamının bildiyi halı mənim deməyimə nə ehtiyac vardı?”
Cavid Hüseynov özünün və ailəsinin Azərbaycan uğrunda xidmətlərindən də danışıb: “Mən özüm dəfələrlə Azərbaycan bayrağını qaldırmışam. Indiyə qədər heç yerdə deməmişəm ki, mən şəhid oğluyam. 1992-ci ildə bir çoxları çarpayı altında gizlənəndə mənim atam üç körpəsini atıb, Azərbaycan uğrunda döyüşə getdi və şəhid oldu. O, üç balasını xalqına həvalə elədi. Qarşılığı budurmu ki, şəhidin övladı heç bir günahı olmadığı halda, on aydır həbsdədir”.
Mediada barəsində haqsız və yalan məlumatların yayılmasından gileylənən futbolçu qeyd edib ki, 10 aydır heç bir günahı olmadığı halda, həbsdə saxlanılması ədalətsizlikdir: “Bu ədalətsizlik təkcə mənə yox, həm də mənim ailəmə qarşıdır. ”Şəhidlər bizim hamımızındır” cümləsini söz xətrinə demək lazım deyil. Şəhidin ailəsi aylardır ki, nahaqdan zülmdədir. Mənim iki azyaşlı övladım nahaqdan əziyyət çəkir”.
Cavid Hüseynov çıxışının sonunda hakim Elmar Rəhimovdan barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məhkəmənin hökmü isə mayın 31-də elan olunacaq.
Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Onu döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi yaxınlarda yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.
Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.
Aytən Məmmədova