Qəzetimizin dünənki sayında Elmlər Akademiyasının aspirantlarının yataqxanasında məskunlaşmış sakinlərin şikayəti əsasında reportaj dərc etmişdik. Həmin yazıda “Evrostroy-S” tikinti şirkətinin adı tərəf kimi hallanmışdı.
Adı çəkilən tikinti şirkəti məsələ ilə bağlı açıqlama verib.
“Evrostroy-S”dən bildirildi ki, şirkətin razılaşması həmin yataqxananın sakinləri ilə deyil, Elmlər Akademiyasının rəhbərliyi ilə olub. “Bu gün də bizim razılığımız öz qüvvəsindədir. Biz həmin ərazidə tikdiyimiz binalardan Elmlər Akademiyasının əməkdaşlarına 5013 kvadratmetr yaşayış sahəsi ayırmışıq. Şirkətin işlərinin dayandırılması, yarımçılıq tikintinin hərraca çıxarılması barədə deyilənlər həqiqətə uyğun deyil. Həmin binada işlər davam etdirilir, ilin sonuna kimi bina təhvil veriləcək”- deyə açıqlamada vurğulanır.
Açıqlamada qeyd edilir ki, “Evrostroy-S” Elmlər Akademiyasının Fizika instututu üçün də 86 mənzilli yaşayış binası tikir.