Əhmədinejadın qardaşı və “SEPAH”a bağlı agentlik ölkəmizi cinayətdə suçladı
Hakimiyyətyönlü deputat: “İran Azərbaycandakı satanizmi cavabsız qoymayacaq”
İran Azərbaycana qarşı növbəti sərt ittihamlar ünvanlayıb. Bir neçə gün öncə bu ölkədəki səfirimiş Cavanşir Axundov İran XİN-nə çağırılaraq ona nota təqdim olunmuşdu. Rəsmi Tehran nüvə alimlərinin öldürülməsində günahlandırdığı İsrail xüsusi xidmət orqanı “Mossad”ın casuslarının məhz Azərbaycan ərazisində gizləndiyini və buradan da İsrailə qaçdığını bildirmişdi. Tehran rejimi Azərbaycan hakimiyyətini İsraillə sıx əməkdaşlıqda və İrana yönəlik terror olaylarının təşkilində “Mossad”a imkan yaratmaqda günahlandırır. Rəsmi Bakı isə İranı öz agenturası vasitəsilə Azərbaycanda təxribat xarakterli fəaliyyətlərdə ittiham edib.
İran hakimiyyətinə yaxınlığı ilə tanınan və İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) nəzarətindəki “Fars News” xəbər agentliyi bildirib ki, Azərbaycan “Mossad”ın “Cavidan” şərti adlı casusunu gizlədir. O, İranda nüvə üzrə alimlərin məhv edilməsiylə əlaqəli olmaqda günahlandırılır. Agentliyin məlumatına görə, “Mossad” casusu yəhudidir, bir neçə iranlı alimin, həmçinin Məsud Əli Məhəmmədi və Mustafa Əhmədi Rövşənin qətlində iştirak edib.
İsrailin “İzrus” saytı isə bildirib ki, ölkənin əks-kəşfiyyat xidməti ŞABAK dövlət qulluqçularının Xəzəryanı regiona səfərinə qadağa qoyub. Bu səbəbdən əvvəlcədən planlaşdırılmış səfərlər, o cümlədən Azərbaycan və Qazaxıstanda mühüm danışıqlar təxirə salınıb. Bu qadağa terror dalğası və son günlər İsrail vətəndaşlarına, eləcə də Hindistan, Gürcüstan və Tailandda İsrail nümayəndəliklərinə qarşı terror cəhdləri ilə bağlıdır.
Bu arada prezident Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad da bir neçə gün əvvəl Bakıda “Fars News” xəbər agentliyi və “Səhər” kanalıyla əməkdaşlıq edən jurnalıst Anar Bayramlının həbsinə münasibətində rəsmi Bakıya qarşı ittihamlar səsləndirib. Onun dedikləri Tehranın öncəki ittihamları ilə eynilik təşkil edir. Davud Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, Anar Bayramlının həbsində İsrailin əli var: “Onun tutulmasında sionistlərin rolu olub. Bölgədəki bəzi ölkələr dünya zülmkarlarına bağlı ölkələrdir. Onlar müstəqil deyillər. Bu hərəkətlər də onların müstəqil olmadığına görədir. Bizim nüvə alimlərimizə də sionizm və dünya zülmkarlarının əli ilə terror edilib. Onlardan asılı olan bölgədəki bəzi ölkələr də bu işdə onlara yardım göstərib”.
“Fars News”a danışan İran parlamentinin milli təhülkəsizlik komitəsinin üzvü Fatimə Aliyə isə Azərbaycanın ünvanına sərt xəbərdarlıq ünvanlayıb. Hakimiyyətyönümlü deputat jurnalist Anar Bayramlının həbsinə toxunaraq “Azərbaycandakı satanizm cavabsız qalmayacaq. İran bunun cavabın dərhal və ağır formada verəcək” deyib. Fatimə Aliyə təklif edib ki, İran Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinin əməkdaşlarını çağırıb hesabat tələb etsin.
İnformasiya şöbəsi