Ukrayna prezidenti Pyotr Poroşenko “Eurovision-2016” mahnı müsabiqəsində birinci yeri tutan Krım tatarı Camalanı “Ukraynanın xalq artisti” fəxri adı ilə mükafatlandırıb. O özünün feysbuk səhifəsində Camalaya bu adı təqdim edərkən çəkilmiş fotonu paylaşaraq, əslən Krımdan olan sənətçinin qələbəsinə görə təbriklərini qeyd edib.
“Camalanın Eurovisionda fantastik qələbəsi xeyli insanı sevindirdi. Bu uğur “Ukraynanın xalq artisti” fəxri adı ilə mükafatlandırılmağa layiqdir.
Bütün Ukrayna adından Camalaya ukrayna xalqı, o cümlədən Krım tatarları üçün etdiyi bu mühüm işə görə bir daha minnətdarlığımı bildirdim. Krımtatar xalqının tarixindən bəhs edən bu mahnı ürəkləri elə riqqətə gətirir ki, sən sadəcə səs verməyə, dəstəkləməyə, Krımın azadlığı naminə böyük prosesdə iştirak etməyə bilməzsən!
Bu mahnı Krım probleminin yenidən ön plana çıxmasına böyük töhfə verir”, – deyə Ukrayna prezidenti yazıb.