Ermənistan Dağlıq Qarabağın işğalı siyasətini davam etdirə bilməz. İşğal siyasəti heç bir yerdə uğur qazana bilməz.
Bu sözləri Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə deyib.
Türkiyəli nazir qeyd edib ki, erməni xalqının rifaha ehtiyacı var: “Bunun yolu sülhdən keçir. Sülhün isə necə olacağı bəllidir. Bu, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllidir. Türkiyə bundan kənarda başqa bir həll yolunu dəstəkləmir. Türkiyə Azərbaycan xalqının yanındadır”.
Yılmaz bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında dərin tarixi köklərə malik münasibətlər, strateji əlaqələr mövcuddur: “Azərbaycan və Gürcüstanla siyasi, iqtisadi, hərbi münasibətləri daha da inkişaf etdirmək üçün sağlam zəmin mövcuddur. Regional münasibətlərdə yaxın əməkdaşlığımız bütün ölkələrə nümunə ola bilər”.
Türkiyəli nazir vurğulayıb ki, ölkəsi Cənubi Osetiya və Abzaxiya münaqişəsinin də Gürcüstanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. “Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyirik, bu yolda atdığı addımları təqdir edirik. Gürcüstan və Azərbaycanın qarşıdan gələn müstəqillik günlərini təbrik edirik. Qarşıdakı hər 25 ildə Azərbaycan və Gürcüstanın daha böyük inkişafa imza atacağına inanırıq”, – deyə, İ. Yılmaz bildirib.