Azərbaycan hakimiyyəti müvazinətsizlikdən susmağa məhkumdur
Iran Azərbaycana nota verməyi bir rüb də yaddan çıxarmır. Hər üç aydan bir bizim bu ölkədəki səfirimiz çağırılır və hədələnir. Niyə? Sonuncunu araşdıraq və kimin haqlı olub-olmadığını müəyyənləşdirək. Azərbaycan avtoritar hökumətdir. Hakimiyyət siyasi orientasiyanı itirib. Siyasi azadlıqlar yoxdur. Insan haqları pozulur. Siyasi məhbuslar var və bundan sonra da olmayacağına zəmanət yoxdur. Amma bu o demək deyil ki, hətta Iran da Azərbaycana diş qıcayanda haqlı ola bilər. Iran Azərbaycanı ittiham edir ki, öz ərazilərində MOSSADın agentlərinə şərait yaratmısan. Bunun doğruluğunu sübut edən sənədləri Irandan tələb etməmək Azərbaycan hakimiyyətinin başlıca səhvidir. Amma bu səhv də hələ Iranı haqlı çıxarmır. Müdafiəsiz biri döyülməlidir, deyə bir qayda yoxdur. Varsa da bu, vəhşi qaydadır. Yox, əgər dövlətlərarası münasibətlər də “bespredel”ə əsaslanırsa, onda mənim də Irana bir-iki sualım var.
Sionizm, ya da Iran bitsə nə olacaq?
Tutaq ki, bu dünyada sionizm deyilən bir şey qalmadı. Məhv etdiniz, yer üzündən sildiniz. O zaman insanları nəyin ətrafına yığacaqsınız? Necə aldadıb birləşdirəcəksiz? Kim olacaq xortdan, düşmən? Sizin bir dini rejim kimi varlığınızın səbəbi nə olacaq? Kimlə mübarizə aparacaqsız? Unutmayaq ki, eyni sualları Israilə də vermək olar. Iran vurulsa nə olacaq? Sizin bu regionda varlığınız kimə lazım olacaq? Nəyə lazım olacaq? Kiminlə savaşdan qazanacaqsız? ABŞ sizə niyə yardım edəcək? Bunu təbii ki, hər iki tərəf bilir. Ona görə də qazancın ancaq gərginliyi artırmaqda olduğunu anlayırlar. Ona görə də Iran Islam dünyasını, Israil isə ABŞ-ı içində xərçəng kimi yeyib bitirməklə məşğuldur. Azərbaycan isə bu məsələdə sadəcə səriştəsiz adamların idarəçiliyindən aciz və alət duruma düşmüş bir ölkədir.
Iran nə etsin?
Iran bizi başa düşsün. Sözün həqiqi mənasında. Elə Tehran deyilmi ki, bütün rəsmi, qeyri-rəsmi mənbələri ilə dünyanın sionizm tərəfindən tutulduğunu deyən? Biz də dünyanın bir parçasıyıq da. Sionizmlə mübarizə elə asandırsa, onu niyə özünüz aparmırsız? Məsələn, niyə nüvə fizikası ilə məşğul olan alimlərinizi qoruya bilmirsiz? Onları öz ölkənizdə qoruya bilmirsizsə, bəs kiminlə, necə müharibə eləməyə hazırlaşırsız? Başlıcası, bizi niyə ittiham edirsiz? Buyurun, sionizm dediyiniz ideyanın daşıyıcıları ən çox və sıx harada yaşayırlarsa, ora ilə haqq-hesab çəkin. Onsuz da bizim ölkədə onlar seyrək yaşayırlar. Israilə niyə rəsmən hücum etmirsiz? Bu, sizcə də ov quşlarını uçurdub arxasınca güllə atmağa bənzəmirmi? Hərçənd bu, iki halda ola bilər. Ya işbilməzlikdən, ya da ovun bəhanə olmasından. Iran sionistləri Azərbaycanda axtarmaqla, sadəcə, yuxarıda duranın aşağıda duranı suyu bulandırmaqda ittiham etməsini xatırladır.
Hakimiyyət sərt olmalıdır…
Azərbaycan hökumətinin bu məsələdə arqumental davrana bilməməsi bir daha dövləti yetərincə təmsil etmək gücündə olmadıqlarını göstərdi. Əliyevlər dünyanın bütün dövlətləri ilə münasibətləri korladıqlarından, artıq hər hansı dirəniş üçün özündə müvazinət imkanı tapmır. Bu isə gözlənilən və ya gözlənilməyən həmlələrdən aşmaq ehtimalını yaradır. Bu vəziyyətdə ölkəni uzun müddət apara bilməyəcəklərindən nəticə çıxarsalar, Azərbaycan hökuməti üçün də, xalq üçün də xeyli faydalı olar.
Seymur Həzi