Elxan Şahinoğlu: «Avropa Ittifaqının Türkiyədən terrorçuluqla bağlı qanunu yumşaltmağı tələb etməsi düzgün deyil»
Xəbər verildiyi kimi, Avropa Parlamentinin sədri Martin Şults və Assambleyadakı siyasi fraksiyaların rəhbərləri Türkiyə vətəndaşlarının Avropa Ittifaqına (Şengen zonasına) vizasız gediş-gəlişi ilə bağlı müzakirələri dayandırıb. Bu barədə Avropa Parlamentinin Niderlanddan olan deputatı Yudit Sippel məlumat verib.
“Şults deyib ki, biz bu sənəd üzərində işə Türkiyə 72 şərtin hamısını yerinə yetirəndən sonra başlayacağıq”,- deyə parlamentari Brüsselin “Euobserver” internet-qəzetinə bildirib.
Martin Şultsun mətbuat katibi Armin Maşmer də təsdiqləyib ki, Avropa Birliyi Türkiyə üçün vizasız rejimlə bağlı işlərə “Ankara bütün tələbləri tam yerinə yetirənə qədər” başlamayacaq.
Vizadan imtina məsələsi mart ayında Ankara ilə Brüssel arasında bağlanan qaçqınlarla bağlı sazişdə əksini tapıb. Türkiyə bunun üçün Avropa Birliyinin 72 tələbini yerinə yetirməlidir.
Ötən həftə Avropa Komissiyası Avropa Parlamentinə və Avropa Ittifaqı Şurasına Ankaranın iyunun sonlarına qədər siyahıdakı ilk beş şərti yerinə yetirməyənədək Türkiyə vətəndaşları üçün məhdudiyyətin tətbiq edilməsini təklif edib. Bu siyahıda korrupsiyanın qarşısının alınması, Avropolla, Avropa Ittifaqının polis xidmətiylə operativ razılaşma ilə bağlı danışıqların aparılması, bütün üzv ölkələrlə məhkəmə sahəsində əməkdaşlıq, hüquqların AI standartları çərçivəsində müdafiəsi və terrorizmlə mübarizəyə dair qanunvericiliyə yenidən baxılması məsələləri yer alıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının mövqeyini sərt tənqid edib. Onun sözlərinə görə, Ankara özünün antiterror qanunvericiliyini dəyişməyəcək. Bununla bağlı türk lideri deyib ki, onun ölkəsi öz yolu ilə gedəcək.
Məsələni şərh edən politoloq Elxan Şahinoğlu Avropa Ittifaqının öz vədini əməl etmədiyini deyərək Türkiyə ilə danışıqlarda miqrasiya prosesinin qarşısını almaq üçün müzakirələri bir ara intensivləşdirdiyini söyləyir. Politoloq AI-nin miqrasiya axınının qarşısını almaq üçün Türkiyədən kömək istədiyini də deyir: “Miqrantların çoxu Iraq, Suriya, Əfqanıstandan Türikyə üzərindən Avropa ölkələrinə gedir. Türkiyə buna razılaşsa da, onun öz istəkləri də vardı. Avropa Ittifaqı türkiyəli vətəndaşlara tətbiq edilən vizanı aradan qaldıra biləcəyini açıqladı. Türkiyə üzərinə düşən vəzifələri icra etməyə başladı, yəni miqrantları qəbul etdi və yerləşdirdi. Fəqət Avropa Ittifaqı qəfil əlavə şərt kimi terrorçuluqla bağlı qanunu yumşaltmağı irəli sürdü. Belə bir şərt tələb etmək isə ədalətsizlikdir. Türkiyə PKK ilə mübarizə aparır, təşkilat isə mülki insanları da hədəfə alır. Ankara və Istanbulda həlak olanların əksəriyyəti mülki insanlardır, onu da PKK həyata keçirib. Indi isə tələb edir ki, PKK-ya qarşı siyasəti yumşaltsın. Bu isə o deməkdir ki, savaşmayın, danışıqlara başlayın. Onunla necə danışıqlar aparmaq ola bilər ki, PKK Türkiyənin şəhər və bölgələrində partizan savaşı aparır?! Türkiyə dövləti, aydındır ki, belə bir təklifə getməz. Ərdoğan da açıq söylədi ki, belə bir şərt olarsa, siz öz yolunuzla, biz də öz yolumuzla gedəcəyik. Yəni terrorçuluqla bağlı qanunu yumşaltmağı tələb etməyin düzgün olmadığı və Türkiyənin bu addımı atmayacağı söyləndi. Avropa Ittifaqında da bunu əllərində bəhanə edərək vizayla bağlı məsələni sonrakı aylara keçirəcəklərini deyirlər”.
Nigar