Təxminən 250 milyonluq vəsait 2015-i ilin 21 fevral məzənnəsiylə əlavə borc yükünü təmizləyə bilərdi
Ölkənin bank sektorunda hazırda baş verənlər gündəmin əsas mövzularındandır. Istehlak kreditlərinin ödənməsindəki çətinliklər, problemli kreditlərin həcminin getdikcə böyüməsi bank-müştəri münasibətlərini daha da dramatikləşdirib.
Bütün bunların fonunda hökumət məmur banklarına külli miqdarda vəsait ayırmaqla vətəndaşla banklar arasındakı uçuruma stimul verir. Beynəlxalq Bankın sağlamlaşdırılması üçün 2045-ci ildə qaytarmaq şərtilə illik 0,15 faizlə verilən 3 milyardlıq kreditin əksinə, əhalinin banklara olan borcu bağışlanmır. Özü də bu məsələ hazırkı həssas məqamda baş verir. Maraqlıdır, ölkədə kifayət qədər vəsait yoxdursa, bu qədər pul hardan meydana gəlir? Yaxud, Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının mənfəət vergisindən azad edilə biləcəyi xəbəri də bu məsələyə yenidən baxmağa vadar edir. Xatırladaq ki, vergilər naziri Fazil Məmmədov bankların belə bir məsələ qaldırdığını, bu təklifə hökumətdə baxıla biləcəyini istisna etməyib.
Iqtisadçı-ekspertlərin fikrincə, Beynəlxalq Bankın öz problemlərini əhalnin hesabına həll etməsini ədalətsizlikdir. Dövlət büdcəsinin əhali qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyini deyən ekspertlər, büdcənin üç aylıq xərcləri üzrə Maliyyə Nazirliyinin hesabatını yada salır:
“Məlum olub ki, dövlət büdcəsində təxminən 60 faiz xərcləri yerinə yetirmək mümkün olmayıb. Büdcədə nəzərdə tutulan investisiya proqramını həyata keçirə bilməyiblər. Əhalinin maliyyə durumu, məşğulluğu, investisiya və iqtisadi fəallığının təşkili, bu sahələrə maliyyə ayırmaqda çətinliklə üzləşdiyi bir dövrdə Beynəlxalq Bankın hansısa öhdəliklərini həll etmək istiqamətində vəsait ayırmaq yanlış siyasətdir. Beynəlxalq Bankın problemi varsa, xarici təşkilatlara müraciət etməklə, uzun müddətə borc almaqla bunu həll edə bilər.
Qeyd etmək yerinə düşər ki, ölkədəki bütün bankların hamısı yüksək çinli məmurlara məxsusdur. Belə bir durumda dövlət büdcəsinin vəsaitlərini həmin bankların perspektiv inkişafına yönləndirilməsi istiqamətində iş görülməlidir. Maddi imkan varsa, onun əhalinin kredit probleminin həllinə sərf edilməməsi haqlı sual doğurur. Təxminən 250 milyon sərf etməklə ən azı 2015-i ilin 21 fevral məzənnəsiylə əlavə borc yükünü təmizləmək mümkün idi. Lakin bunu etmirlər və xüsusi maraq kəsb edən sahələrə dövlət büdcəsindən dərhal vəsait yönəldirlər. Bu hal ayrı-seçkilikdir və nə qədər pərdələnmiş şəkildə tətbiq edilsə də, tükü-tükdən ayıra bilən xalq bunu dərhal görür və bilir. Yanlış siyasətdir və bank problemini ayrı-ayrı mənbələr hesabına həyata keçirmək daha doğru olardı”.
Nigar