Britaniyalı baronessa və sahibkar Mişel Mon Vyetnamda olarkən uşaqla yaşlı kişini səhv salıb və onu qucağına alıb. Bu barədə baronessa özünün “Twitter” hesabında məlumat paylaşıb.
“Çox qəribə idi. Vyetnamda 3 min nəfərin qarşısında çıxış edirdim, fikirləşdim ki, 6 yaşlı uşaqdır, qucağıma götürdüm, o isə kişi imiş”, – deyə o qeyd edib.
“Daily Mail” hadisə ilə bağlı Mişel Monu danışdırıb. Bəlli olub ki, vyetnamlı baronessanın çıxışından sonra ona gül dəstəsi təqdim edirmiş. O da qarısındakını azyaşlı uşaq bilərək qucağına götürüb. “Oğlan özü heç bir reaksiya vermədi. Toplaşmış insanlar isə qəhqəhə çəkib güldülər”, – deyə Mon qeyd edib.
Xanım sahibkar bildirib ki, nə baş verdiyini sonradan anlayıb. Görüb ki, uşaq zənn etdiyi adamın dişləri “siqaret çəkməkdən sapsarıdır”.
Hadisədən sonra mətbuatda məlumat dərc olunub ki, həmin vyetnamlının 46 yaşı var və birinci sırada oturmuş bir qadın britaniyalı baronessadan onun ərini rahat buraxmağı da tələb edib. Lakin hadisənin “qəhrəmanı” özünün “Facebook” səhifəsində baş verənləri təsvir edərək bildirib ki, adı Nquen Tan Fatdır, 22 yaşı var, evli deyil, siqaret çəkmir və 6 yaşından sonra xarici görkəmi dəyişməyib.