Aramsız yağan qar və çovğunlu hava şəraiti səbəbindən Rumıniyada xalqın vəziyyəti çətinləşib, əhali ciddi zərər çəkib. Rumıniya dövləti öz xalqının problemlərini çözmək üçün humanitar yardım çağırışı edib. Bu çağırışa dərhal, anında, rəsmi xəbərlərdə deyildiyi kimi, “çevik” reaksiya verən və rumınların rəğbətini qazanan kim oldu?
Azərbaycan prezidenti Ilham Əliyev. Möhtərəmin tapşırığı ilə Rumıniyanın ucqar ərazilərində yaşayan, yolunu qar kəsmiş əhaliyə humanitar yardım göstərildi. Humanistliyin və alicənablığın patalogiyasını görürsünüzmü?!
Azərbaycanın ucqar rayonları nə gündədir, heç xəbərimiz yoxdur. Ancaq paytaxtın əksər yerlərində 20 gündür ki, su boruları donub və əhali suya həsrət qalıb. Dükanlarda satılan su adına nə varsa, camaat borc-xərc alıb, vəziyyətdən çıxmağa çalışır. Suyun donması təkcə əsəbləri gərməyib, həm də kasıb əhalini maddi fəlakətə sürükləyib.
Azərbaycan prezidenti isə rumınlara yardım edir!
Su boruları şaxtadan donduğu üçün partlayır və “Azərsu” boruları qaynaq etməkdən bilmərrə imtina edir. Camaat pul yığıb usta çağırır, boruları qaynaqladır ki, bəlkə, Allah istəsə, şeytan qoysa, havalar xoşalsa, buzlar ərisə, verilən su borulardan axıb yerə tökülməsin, evlərinə gəlsin.
Ilham Əliyevsə rumınlara yardım göstərməyə tələsir!
Artıq Bakının əksər binalarında kanalizasiya boruları da donub, əhali evlərini tərk etmək məcburiyyətində qalıb. Havanın azacıq istilənməsinə baxmayaraq, kanalizasiya idarəsi, MIS camaatın çağırışlarına məhəl belə qoymaq istəmir. Iqtisadi baxımdan regionun ən güclü dövləti kimi təqdim edilən Azərbaycanda dəhşətli günlər yaşanır.
Azərbaycan prezidenti isə rumınlara yardım edir!
Şimal DRES-in Xəzər dənizindən götürdüyü və soyutma üçün istifadə etdiyi su donduğu üçün Bakının böyük bir ərazisi enerji çatışmazlığı ilə üzləşib, bir neçə rayonda işıqlar fasilələrlə verilir.
Ilham Əliyevsə rumınlara dəstək olur!
Şaxta bölgələrə dəhşətli dərəcədə ziyan vurur, yüz tonlarla məhsul zay olur, sahibkarlar əlacsızca göz yaşı tökürlər, Ilham Əliyevdənsə səs çıxmır, sağa-sola xərclədiyi vəsaitin cüzi bir hissəsini ziyan çəkmiş insanlara yardım üçün ayıracağına söz vermir.
Əvəzində isə rumınlara yardım edir!
Bu qarlı-çovğunlu qış günlərində bəzi rayonların qazı, ümumiyyətlə, kəsildi. Qazı verilən ərazilərdə isə “Azəriqaz” işçiləri bir-bir evləri gəzib, qazpulunun ödənilməsini tələb etməyə başladılar. Hətta 6 manat borcu qalan abonenti belə dərhal, yerindəcə, nəzarətçinin əlində tutduğu poçt qəbzinə əsasən pulu ödəməyəcəyi təqdirdə qazın verilməsini dayandıracağı ilə hədələməyə başladılar. Halbuki əksər idarələrdə əməkhaqqıların verilməsi “soyuq hava şəraiti ilə əlaqədar” yubadılırdı. Əməkhaqqını soyuğa görə gecikdirib, şaxtalı havalarda qaz pulunu tələb etmək əxlaqı göstərmək dərəcəsində “humanist”liyə nə deyəsən? Ölkənin paytaxtında qar-çovğun səbəbindən xalqın ərşə bülənd olan səsini eşitməyən Ilham Əliyevin rumın xalqının yardım harayına “çevik reaksiya” göstərməsini necə anlayasan?
Həftələrlə davam edən bu şaxtalı günlərdə yaşanan kommunal problemlərdən dolayı Ilham Əliyevin bir müşavirə keçirdiyini, məmurlarını başına yığıb hesabat istədiyini görən oldumu? Su, qaz, işıq təchizatının yaxşılaşdırılması üçün bir fərman, sərəncam imzaladığını, göstəriş verdiyini necə, eşitdinizmi?
Yox! Eşidə və görə bilməzsiniz. Amma Rumıniyanın ucqar dağ kəndlərində əziyyət çəkən əhaliyə yardım üçün Ilham Əliyevin şəxsi göstərişi bütün medianı bəzədi.
Yaxşı, Ilham Əliyev kimin prezidentidir? “Hər bir vətəndaşın prezidenti olacağam” deyən Ilham Əliyev faizsiz kredit bağışladığı belarus və ya şaxtada yardım etdiyi rumın vətəndaşlarını nəzərdə tuturdu, yoxsa, illik 25 faizə verdiyi kreditlə canını aldığı, qarlı-şaxtalı havalarda suyunu, işığını, qazını kəsib qırmaq istədiyi Azərbaycan vətəndaşlarını?