Türkmənistanda seçki şousu bitdi, hazırkı prezident Qurbanqulu Berdımuhammedova 97 faiz səs yazdılar. Böyük ehtimalla, yerdə qalan 3 faiz səsi də Berdımuhammedova verilmədiyi üçün etibarsız sayıblar. Bu cür rejimlərdən hər cür iyrənclik gözləmək olar, onların həyasızlığı, əxlaqsızlığı heç bir sərhəd tanımır.
Bəli, Türkmənistanda hazırkı prezidentə (əslində, ona “prezident” demək günahdır, ümumiyyətlə, istənilən avtoritar ölkədə hakimiyyətin təpəsində oturan adama “prezident” deyə xitab etmək gülməli bir şeydir. Islam Kərimov da prezidentdir, Obama da… Lukaşenko da prezidentdir, Sarkozi də…) 97 faiz səs yazıblar, 4 il əvvəl bizdə bu rəqəm təxminən 90 faiz idi. Yerdə qalan 10 faiz səsi isə Ilham Əliyevə yazmaya-yazmaya yenə elə Ilham Əliyevə yazmışdılar, çünki həmin seçki-şouda bir nəfər də müxalifət namizədi yox idi. Hakimiyyət namizədinin hakimiyyətyönlü namizədlərlə mübarizəsi – buna Azərbaycansayağı seçki komediyası da deyə bilərsiniz.
Amma 4 il əvvəllə müqayisədə aradan çox sular axıb, dünyada despotizmin sərhədləri çox daralıb, azadlıqların coğrafiyası çox genişlənib və bu gün də bu proses bütün sürətilə davam edir. Belə bir vaxtda Berdımuhammedovun şücaətinə heyran qalmamaq mümkün deyil. Bəli, bəli, ilin-günün bu vaxtı özünə 97 faiz səs yazmaq hər oğulun işi deyil. Dünyada anti-demokratik, anti-xalq rejimlərinin bir-birinin ardınca domino daşları kimi yıxıldığı, növbəti qurbanın isə kim olacağını heç kimin müəyyənləşdirə bilmədiyi, inqilabın hər an, hər dəqiqə istənilən tiranın qapısını döyə biləcəyi bir vaxtda özünü 97 faizlə “prezident” elan etmək üçün doğrudan da, şir ürəyi yemək lazımdır. Türkmənistan xalqı belə qəhrəman övladı ilə fəxr etməlidir.
Berdımuhammedov “Türkmənbaşı” beyqəfil cəhənnəmə vasil olduqdan sonra hakimiyyətə gəldi, təzə-təzə özünü o qədər də pis aparmırdı. Hətta türkmən xalqı da, digər postsovet ölkələrinin azadlıqsevər insanları da xeyli ümidlənmişdi, Türkmənistanın artıq əvvəlki Türkmənistan olmayacağına inam böyük idi. Amma elə ki, Qurbanqulu yerini isitdi, ayaqlarını yerə daha bərk basmağa başladı, Saparmurad Niyazov onun yanında toya getməli oldu. Bu gün Berdımuhammedov axmaq qərarları, zalımlığı, heyvərəliyi ilə mərhum “Türkmənbaşı”ya rəhmət oxutdurmaqla məşğuldur.
Mən bunları niyə yazıram? Çünki bir daha təsdiq olunur ki, hər hansı tiran xalq etirazlarının sonunda şələ-küləsini yığışdırıb getmirsə, məsələn, Tunisdəki kimi arvad-uşağını da götürüb aradan çıxmır, ya da Misirdəki kimi qəfəsə salınmırsa, lap elə Liviyadakı kimi küçədə itsürütməsi edilmirsə, o ölkədə hakimiyyətin əl dəyişdirməsi ilə heç nə dəyişmir. Ya da dəyişir – bu dəfə daha pisə doğru! Gələn gedənə rəhmət oxutdurur.
Bir diktator ki, əcəli ilə ayaqlarını uzadıb dünyasını dəyişdi, onun yerinə isə yaxınlarından, çevrəsindən birini götürüb oturtdular, apar tulla – həmin ölkə yenə qan qusmağa, yenə zülmün caynaqlarında inləməyə, yenə hüquqsuzluq, ədalətsizlik bataqlığında çabalamağa məcburdur. Despotik rejimlər yalnız zor və zopa dilində danışmağa öyrəndiyindən onlarla adam dilində danışmaq mümkünsüzdür. Belə rejimləri zor və zopadan başqa yolla gedər-gəlməzə göndərmək çətin məsələdir – bu gün Türkmənistanda baş verənlər bunun ən tipik nümunəsidir.
Bəli, despotizmdən demokratiyaya keçidin yeganə yolu xalq etirazlarıdır. Illah ki, xalqın gözü dönəcək, xalq ayaqlanacaq, küçələrə çıxacaq, meydanları dolduracaq, irticanın üzərinə yeriyəcək və… Və əgər o despot ağlını və məntiqini tamamilə itirməyibsə, üzüsulu ikən çıxıb gedəcək, lap elə qulağımızın dibində – Gürcüstan və Ukraynada olduğu kimi, əks halda, tökdüyü qanlarda boğulacaq – Iraqda, Liviyada olduğu kimi.
Qısası, Türkmənistan nümunəsi bir daha göstərir ki, diktatura rejimlərində inqilabsız dəyişiklik, səssiz, etirazsız dəyişiklik, əcəlin dövriyyəyə girməsi, Əzrayılın köməyilə baş verən dəyişikliyin sadəcə, adı dəyişiklikdir, əslində isə bu, daha ağır zülmün gəlişinin müjdəçisidir.
Son not:
Bu yazını “dinc mübarizə tərəfdarı” olan hər kəsə cavabım kimi də oxuya bilərsiniz.
Həm də bunu unutmamaq şərti ilə: dinc mübarizə olmur, yalnız mübarizədən sonra dincəlmək mümkündür.