Elxan Şahinoğlu: «Bu posta yiyələnə biləcək şəxs Ədliyyə naziri Bekir Bozdağ ola bilər»
Davudoğlunun istefasından sonra Türkiyə gündəmini zəbt edən əsas sual növbəti nazirin kimliyi ilə bağlıdır. Ərdoğanın bu posta kimin nazmizədliyini dəstəkləyəcəyi istiqamətində bir neçə fərziyyə irəli sürülür. Bir neçə namizədin adı çəkilir. Türkiyənin “Milliyet” qəzeti xəbər verir ki, AKP-dən 5 namizəd önə çıxıb.
Namizədlər arasında Nəqliyyat, Dəniz və Xəbərləşmə naziri Binali Yıldırım, Ədliyyə naziri Bekir Bozdağ, Enerji və Təbii Sərvətlər naziri Berak Albayrak, Baş nazirin müavini Numan Kurtulmuş və nazir müavini Mehmet Ali Şahin var.
“Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu hesab edir ki, müxtəlif namizədlərin adları çəkilsə də onların sırasında bir neçə namizəd hakim partiyaya problem yarada bilər: “Baş nazirin müavini Numan Kurtulmuşun adı çox çəkilsə də bu namizəd AKP üçün problem yarada bilər. Çünki Numan Kurtulmuş hakim partiyaya sonradan qoşulub. O, əvvəl Səadət Partiyasının sədri idi və bir müddət AKP-yə müxalif mövqedə idi. Amma sonradan o AKP-yə qatıldı. Təcrübəli siyasətçidir, inandırmaq qabiliyyəti var. Amma Ərdoğan ona üstünlük versə, bu partiyada narazılıq yarada bilər. Çünki partiyanı quranlar baş nazir postunda öz namizədlərini görmək istəyərlər”.
E.Şahinoğunun fikrincı, Ərdoğanın eyni zamanda öz kürəkəni Enerji və Təbii Sərvətlər naziri Berak Albayrakı da baş nazir postuna irəli sürməsi riskli addım ola bilər. Çünki belə çıxacaq ki, Türkiyəni bir ailə idarə edir. E.Şahinoğlunun qənaətincə, bu posta yiyələnə biləcək şəxs Ədliyyə naziri Bekir Bozdağ ola bilər. “Bekir Bozdağ tanınmış simadır. Amma o da məlumdur ki, Türkiyədə güclü prezident və güclü baş nazir sistemi işləməyəcək. Davudoğlunun da istefaya getməsinin səbəbi məhz bu oldu. Türkiyədə real olaraq bundan sonra güclü prezident və zəif baş nazir sistemi işlək olacaq. Bekir Bozdağ bu sistemə uyğun şəxsdir”, deyə E.Şahinoğlu vurğuladı.
Xəyal