Nazir ARDNŞ-dən qopardığı səhiyyə ocaqlarında «təmizləmələrə» başlayıb
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə ocaqlarını nəzarətə götürdükdən sonra “təmizləmələrə” başlayıb. “Azadlıq”a daxil olan məlumatlara görə, nazir həmin səhiyyə ocaqlarında çalışan və ARDNŞ prezidenti Rövnəq Abdullayevin kadrı hesab edilən şəxsləri işdən çıxarır. Bəzi məlumatlarda isə deyilir ki, Oqtay Şirəliyev bütövlükdə həmin səhiyyə ocaqlarındakı kadrları yeniləri ilə əvəzləməyə çalışır.
Görünür, səhiyyə naziri Rövnəq Abudllayevin vaxtilə ARDNŞ-in balansında tibb ocaqlarının Səhiyyə Nazirliyinə tabe etdirilməsinə qarşı çıxmasının qisasını alır.
Bu arada “Yeni Müsavat” qəzeti də məlumat yayıb ki, diaqnostika mərkəzlərinin ARDNŞ tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin balansına verilməsi 300-ə yaxın işçinin ixtisarına səbəb olub. Bu barədə məlumat verən Şirvan Diaqnostika Mərkəzinin ixtisara düşmüş əməkdaşları deyiblər ki, onlara heç alternativ iş də təklif edilməyib. Təkcə Şirvan Diaqnostika Mərkəzində 17 nəfər işdən çıxarılıb.