AXCP sədri Əli Kərimli Facebook səhifəsində Şuşanın işğal səbəblərindən, şəhərin müdafiəsini təşkil edən Milli Qəhrəman, AXC Şuşa təşkilatının sədri Ramiz Qəmbərin fədakarlığından yazıb. Əli Kərimlinin qeydlərini və paylaşdığı videonu təqdim edirik:
Dostlar, mütləq baxın və paylaşın. Çox nadir videodur. Milli Qəhrəmanımız, AXC Şuşa təşkilatının sədri Ramiz Qəmbər şəhid olmasından cəmi bir neçə gün əvvəl Şuşanı xilas etmək üçün son cəhdini edir. Şuşa meydanında xalqa müraciət edir. O zamankı rəhbərliyin fəaliyyətsizliyini (yumşaq desək) ifşa edir və xalqı öz gücü ilə Şuşanı sonadək qorumağa çağırır. Amma qüvvələr nisbəti çox fərqli idi. Rusiya erməniləri çox ciddi müdafiə edirdi, silahlandırırdı. Bizim içimizdə isə “5-ci kolon”un ənənəvi xəyanət ssenarisi işə düşmüşdü…
Ramiz Qəmbər sözünü tutdu, sonadək vuruşdu və şəhid oldu. Həm də tək yox, könüllü döyüşçülərilə birlikdə. Komandiri olduğu batalyon Şuşa uğrunda döyüşlərdə 157 şəhid verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəhrəmanlarımızı tanıyaq və unutmayaq!