Mənzildən məhrum olan vətəndaşlar Ilham Əliyevə və güc strukturlarına müraciət edir
“Azadlıq”a müraciət edən bir qrup haqqı tapdanan vətəndaş əksər güc strukturlarına üz tutub. Ölkə bşçısından tutmuş, DIN, MTN, Baş Prokurorluğa müraciətlə onlar nəhayət ki, səslərinə səs verilməsini xahiş edir. Abşeron rayonu, Xırdalan şəhərində “Fuad LTD” MMC-nin tikdiyi binadan mənzil almaq istəyən vətəndaşlar gözgörəsi aldadılıb:
“Biz 300 nəfərdən çox vətəndaşı Qasım Məmmədov adlı şəxs aldadaraq 2005-2007-ci ildə mənzil tikib verməyi öhdəsinə götürüb. Sonradan o, oğlu Fuad, bacısı oğlu Ramin və qardaşı Nüsrəddinlə birgə MMC yaratdı. Insanların pulunu alandan sonra onlar 2007-ci ilədək yarımçıq tikdikləri 3 bloku başlı-başına qoyub aradan çıxdılar. Əslində, tikiləcək yaşayış binası 9 bloklu, 14 mərtəbəli, 505 mənzildən ibarət omalı idi.
Indi nə binadan, nə də onu tikməli olan şəxslərdən xəbər var
Pulları alınan vətəndaşların 10 milyon manat civarında vəsaiti mənimsənilib. 2008-ci ildən başlayaraq hüquqlarımızın bərpası üçün bütün instansiyalara üz tutmuşuq. Təəssüf ki, hüququmuz hər yerdə qulaqardına vurulub, cinayətkarı tutub cəzalandırmaq üçün heç bir dövlət strukturu əməli iş görmür. Ədliyyə Nazirliyi, eləcə də Abşeron Rayon Məhkəməsi, polis idarəsi Q.Məmmədovu axtarışa verib. O, hər yerə gedib, bizimlə də telefonla danışır. Lakin polis Qasımı tapa bilmir.
Qasım və qohumları dələduzluqla məşğul olaraq bir mənzili bir neçə adama satıb
455 və 198 saylı mənzil iki vətəndaşa satılıb. 2007-ci ildən binada iş dayanmasına baxmayaraq onlar insanları aldadaraq hələ də mənzil satmaqla məşğuldur. Ölkənin ali qanunlarının keşiyində dayanan polis 300-dən çox vətəndaşı dövlətdən, qanunlarımızdan narazı salır. Bu işi onlar bilərəkdən edir. Axı bizim də bu ölkədə yaşamağa hüququmuz var, polislərin vəzifə borcu da odur ki, bizim haqlı tələblərimizi təmin etsin. Təəssüf ki, Abşeron rayonunda bu, mümkün deyil. Rayon polis rəisi N.Ismayılov bizə yazdığı məktubda dəfələrlə bildirib ki, Q.Məmmədov və dəstəsinin heç bir günahı yoxdur və onlar cinayət törətməyib. Bəyəm bizə qarşı törətdiyi hərəkət onun cinayətkar olduğunu təsdiq etmir?
Q.Məmmədov heç bir məhkəmə çağırışına gəlməyib. Bütün bunlar onu göstərir ki, Q.Məmmədova havadarlıq edənlər var. Səsimizi boğmaqla və Qasıma bəraət qazandırmaqla bizi dövlətdən narazı salırlar.
Tikinti 2007-ci ildən dayandırılıb, lakin bizim pulumuzun hara xərclənməsi məlum deyil.
Əlacımız kəsilib, az qalırıq özümüzə qəsd edək
Rayon polis şöbəsi bu işi dünyada gedən iqtisadi böhrana bağlayaraq bəsit və gülünc qərar çıxarıb. Biz pulumuzu ödədiyimiz mənzilimizi tələb edirik. Sahibkarın maliyyə vəsaiti və işçi qüvvəsi yoxdursa, o necə sahibkardır? Biz kooperativ ev tikdirmirik ki, pulumuzla inşaat işi aparılsın. Sahibkara iqtisadi böhranın necə təsir etməsini biz də bilmək istəyirik. Qasım sahibkar deyil, əsl dələduz və cinayətkardır. Cinayətkarın cinayətini isə dövlət orqanı sübut etməlidir. 180 ailəni, təxminən 1000 nəfəri aldadıb pulunu alan, özü də qaçıb gizlənən adam sahibkardırmı?”.
Sosial şöbə