İş adamı Rüfət Vəliyev “Azadlıq”a müraciət edib. Qeyd edək ki, Rüfət Vəliyev və başqa bir neçə iş adamı SOCAR-ın vəzifəli şəxsləri tərəfindən aldadıldığını bildirir. Bundan qabaq da onların müraciəti qəzetimizdə dərc olunub. Vəkil Aslan Ismayılov isə onların iddialarının əsassız olduğunu, iş adamlarının Arzuman Əliyev adlı şəzs tərəfindən aldadıldığını bildirmişdi. Vəkilin sözlərinə görə, Arzuman Əliyevin yaxın qohumu SOCAR-da işləyir. Iş adamları da pullarını həmin şəxsdən tələb edirlər və onu şantaj edirlər.
Rüfət Vəliyev isə deyilənlərin həqiqətəuyğun olmadığını bildirir: “Vəkil Aslan Ismayılovun mənim və Nazim Tahirov barəsində dedikləri həqiqətə uyğun deyil. Mən onun məqaləsiylə bağlı barəmdə qeyd edilənləri təkzib edirəm. Mən özüm çox əziyyət çəkmişəm və bunların hamısı yazılmalıdır. O, heç nədən başımın çıxmadığını deyərək ünvanıma mənfi fikirlər söyləyir. Mənim və imkanlı qohumlarımın pulunu mənimsəyiblər. Anamın 160 min manatlıq evini banka qoymuşduq. Məhkəmə qərarıyla evimizi əlimizdən alıblar. 50 ilə yaxın müəllimlik təcrübəsi olan anamı bu yaxınlarda əməliyyat ediblər. O, xərçəng xəstəsidir. Mən özüm Qarabağ müharibəsi veteranı və əliləm. Özüm uzun müddət DIN sıralarında çalışmışam və ölkədə tanınmış bir nəslin nümayəndəsiyəm.
2008-ci ildən bu günədək dövlət başçısına, baş prokurora, DIN-ə beş mindən çox şikayət ərizəsi yazmışam. Mənə bugünə qədər heç kim kömək etməyib. Dörd ildir məni baş prokuror Zakir Qaralovun qəbuluna buraxmırlar. Çünki onlar, prokurorluq işçiləri ağır cinayətin üstünün açılmasını istəmirlər. Açılan cinayət işinə heç bir səbəb olmadan xitam veriblər. Bu günə qədər mənə cinayət işi barəsindəki qərarı vermirlər. Mən öz hüququmu sona qədər müdafiə etməkdə israrlıyam. Heç bir təhdid məni bundan çəkindirə bilməz”.