“Ölkədə sürətli təbəqələşmə narazılıqlara yol açıb. Hakimiyyət isə narazı səsləri boğmaq və xaricdən gələn çağırışlara qulaq tıxamaq yolunu tutub”
ABŞ-da nüfuzlu George Washington Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları Mərkəzi “Hibrid rejimlərdə dövlət-cəmiyyət münasibətləri: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirib. Tədbirdə ölkədə insan haqlarının vəziyyəti, siyasi problemlər, sosial narazılıqların artması kimi məsələlərdən danışılıb.
Universitetin türk-əsilli araşdırmaçısı Gokhan Alper Ataser çıxış edərək deyib ki, kənardan müşahidə etdikdə, Azərbaycanın hibrit rejimlə avtoritarizm arasında var-gəl etdiyi görünür. O, ölkədə son dövrlərdə siyasi və sosial müstəvidə narazılıqların ifadə olunduğunu, hakimiyyətin xalqın əksər hissəsindən uzaq düşdüyünü qeyd edib.
“BBC Azərbaycanca“nın verdiyi xəbərə görə, ekspert deyib ki, neft gəlirləri sayəsində varlanan Azərbaycanda sürətli təbəqələşmə və iqtisadi inhisar kimi problemlər xüsusilə son illərdə narazılıqlara yol açıb. Hakimiyyət isə narazı səsləri boğmaq və xaricdən gələn çağırışlara qulaq tıxamaq yolunu tutub.
Ekspertin fikrincə, “iqtidarın zərbələri altında davam gətirməyə çalışan” müxalifət partiyalarının fəaliyyəti daha çox özlərini “xilas etməyə” yönəlib, nəinki hakimiyyət uğrunda mübarizəyə. Siyasi müxalifətdən əlini üzənlər isə bir sıra hallarda dinə pəhan aparırlar. “Artıq Azərbaycanda din müəyyən mənada sosial dolanışıq sisteminə dönməkdədir”, – deyə o, qeyd edib.
Araşdırmaçı əmindir ki, “yeni cücərən” siyasi potensial, xüsusilə də müasir texnologiyaları mənimsəmiş gənclik ordusu Azərbaycanı məsələn, Mərkəzi Asiya ölkələrindən fərqləndirir. “Hətta hökumət sistemində özlərinə iş tapa bilmiş gənclər neft gəlirlərinə baxmayaraq, ölkələrinin gələcəyindən narahatlıqlarını gizlətmirlər”, – deyə Ataser bildirib.
Onun fikrincə, indiki hakimiyyətin yuxarı eşelonu “qocalmaqdadır” və tədricən, onun gənc bürokratlarla əvəzlənəcəyi qaçılmazdır. Buna baxmayaraq, sosial qütbləşmə, yerlibazlıq və başqa siyasi “yaralar” hələ uzun illər Azərbaycanın gələcək liderlərinin qarşısında indiki rejimdən “miras” kimi ən mühüm bəla olaraq qalacaq.
Tədbirdə analitiklər və tələbələrlə yanaşı, ABŞ rəsmiləri də iştirak ediblər.