Nemət Əliyev: «Ölkədə ciddi investisiya çatışmazlığı olduğundan Maliyyə Nazirliyi istiqrazları dövriyyəyə buraxıb»
Dövlət başçısı Ilham Əliyev bir neçə gün bundan öncə Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşü zamanı qeyd edib ki, Azərbaycan dövləti sosial məsələləri daim diqqət mərkəzində saxlayır. “Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşüb, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıb”, bu fikri I.Əliyev söyləyib.
I.Əliyevin fikrincə, dünya miqyasında iqtisadi artım templərinə görə Azərbaycan ön plandadır: “2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. Islahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. Ilin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıb. Işsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır, o cümlədən Ağsu rayonunda. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaq”.
Amma nədənsə bəzi statistik məlumatlar unudulur. Bir müddət öncə Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə dövlət investisiya xərclərinin kəskin azaldığı etiraf olunub.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, dövlət büdcəsindən tikinti üçün ayrılan xərclər 53 faizdən çox azalıb. Dövlət büdcəsindən ümumilikdə investisiya xərcləri üzrə maliyyə ayrılmasının daha çox azaldığını deyən N.Əliyev bildirdi ki, qeyri-neft sektoruna investisiya qoyuluşu daha çox azalıb: “Ümumidaxili Məhsul 5 milyard dollar həcmində azalıb. Eyni zamanda əhalinin pul gəlirləri 40 faizə qədər azalıb. Bu da investisiya yatırımlarının azalmasıyla bağlıdır. Üç aylıq rəsmi statistika onu deməyə əsas verir ki, daimi iş yerlərindən 30 minə qədər bağlanıb. Əgər investisiya layihələri əvvəlki tempi ilə icra olunubsa, bu sahələrə kapital yatırımları azalmayıbsa, necə iddia etmək olar ki, investisiya layihələri kəsirdə qalmayıb. Dövlət başçısı əvvəlki illərə istinadən fikir ifadə edib. Ötən ilin sosial-iqtisadi göstəriciləri də investisiyaların kəskin şəkildə azaldığını deməyə əsas verir”.
N.Əliyev bildirdi ki, əhalinin kapital yatırımı istiqamətindəki fəaliyyəti də kəskin şəkildə zəifləyib. N.Əliyevin sözlərinə görə, nəinki daxili, xarici təşkilatların da Azərbaycana kapital yatırımları 20 faizə qədər azalıb. N.Əliyev onu da bildirdi ki, hökumət 1 milyard borc almaq üçün müraciət etmədiyi təşkilatlar qalmadı: “Ölkə daxilində Maliyyə Nazirliyi tərəfindən dövlət zəmanətli istiqrazlar buraxılıb. Bu istiqrazları buraxmaqda məqsəd əlavə maliyyə vəsaiti cəlb etməkdir. Özü də manatla olan istiqrazlara Maliyyə Nazirliyi yüksək faizlər təklif edib. Ölkənin bank sektorunun çökdüyü bir zamanda Maliyyə Nazirliyi bank sektoruna zərbə vuran fəaliyyətlə məşğul olur. Bu ona görə edilir ki, ölkədə ciddi investisiya çatışmazlığı var”.
Xəyal