Keçmiş əməliyyat müvəkkilinin bildiyi həqiqətlər kimləri narahat edir?
Daxili Işlər Nazirliyinin (DIN) Baş Cinayət Axtarış Idarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun Penitensiar Xidmətin Mülaicə Müəssisəsinə köçürülməsi müxtəlif mülahizələrə səbəb olub.
Qeyd edək ki, Hacı Məmmədov hökmdən sonra cəzaçəkmə müəssisəsinə köçürülməyib. O, tutulduğu vaxtdan son günlərə qədər MTN-in təcridxanasında saxlanılıb. Dəfələrlə mətbuat Hacı Məmmədovun cəzaçəkmə müəssisəinə köçürülməsi məsələsini gündəmə gətirib. Lakin keçmiş MTN rəhbərliyi onun təhlükəsizliyini bəhanə edərək cəzaçəkmə müəssisəsinə köçürmürdü. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Eldar Mahmudovu Hacı Məmmədovun təhlükəsizliyi deyil, bildiyi həqiqətlər maraqlandırır. Hacı Məmmədovun cəzaçəkmə müəssisəsinə köçürülməsi müəyyən sirlərin faş olmasına səbəb ola bilər. Ona görə də keçmiş MTN şefi Hacı Məmmədovu öz nəzarətində saxlayır.
Amma artıq Eldar Mahmudov faktoru aradan qalxıb. O və MTN-də yaratdığı dəstə ifşa edilib. Keçmiş MTN şefi faktiki olaraq ev dustağıdır. Dəstəsi isə həbsxanada. Amma Hacı Məmmədov yenə də cəzaçəkmə müəssisəsinə köçürülməyib. Hətta Eldar Mahmudov “vurulandan” sonra Hacı Məmmədov yeni açılmış hal üzrə Ali Məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə onun müraciətini baxılmamış saxladı. O zaman bildirilirdi ki, Hacı Məmmədovun müraciəti DIN-nin Baş Cinayət Axtarış Idarəsinin keçmiş rəisi Zakir Nəsirovla bağlı ola bilər. Indinin özündə də belə fikirlər var ki, Zakir Nəsirovun həbsi MTN rəhbərliyinin sifarişi ilə baş verib. DIN rəhbərliyi ilə münasibətlərində gərginlik olan Eldar Mahmudovun məqsədi qisas almaq olub. Digər tərəfdən Hacı Məmmədovun yenidən hansısa faktları açıqlacağı barədə ehtimallar var idi.
Indi Hacı Məmmədovun Müalicə Müəssisəsindən hara köçürüləcəyi dəqiq bəlli deyil. Əgər o cəzaçəkmə müəssisəsinə köçürülməzsə, o zaman belə düşünmək olar ki, hakimiyyətdə Hacı Məmmədovun bildiyi həqiqətlərin gizli qalmasını istəyən başqa qüvvələr də var.