«Erməni qanunu» ilə bağlı oyun davam etdirilir
Ilham Əliyev Natali Qulenin rəhbərliyi ilə Azərbaycana səfər edən Fransa Senatının nümayəndə heyəti ilə görüşündə “inkar qanunu”na da toxundu. Hökumətyönlü KIV-lərdə bu qəhrəmanlıq kimi təqdim edilsə də, əslində Ilham Əliyev heç nə demədi. O, ümumi sözlərlə mövqeyini ifadə etdi ki, Azərbaycan rəhbərliyindən belə bir reaksiya gözlənilmirdi.
Rəsmi təbliğat bununla Ilham Əliyevə olan iradların əsassız olduğunu göstərməyə çalışsa da, görünən odur ki, indi “inkar qanunu” ilə bağlı oyun iqtidar komandası səviyyəsində aparılır. Yəni, bundan əvvəl Ilham Əliyev sükut edib, YAP-çıları önə vermişdisə, indi o ümumi sözlərlə mövqe bildirərək, komandasının üzvlərini daha sərt danışmaq üçün qabağa verib. Məsələn, Milli Məclisin spikeri Oqtay Əsədov və “Qaçqınkom”un sədri Əli Həsənov Ilham Əliyevlə müqayisədə daha sərt mövqe bildiriblər. Oqtay Əsədov deyib ki, bu cür qanunun qəbulu demokratiyanın beşiyi olan Fransanın imicinə zərbədir: “Düzdür, bəziləri deyirlər ki, bu qanunun Azərbaycana aidiyyəti yoxdur. Ancaq bu, belə deyildir. Xocalı soyqırımını unudub Ermənistanı dəstəkləyən belə bir qanunun qəbulu çox böyük fəsadlara səbəb ola bilər”.
Əli Həsənov isə qeyd edib ki, Fransa Senatında qəbul edilən qərar erməni diasporunun vəsaiti hesabına satın alınmış bir qrup senatorun mövqeyidir: “Fransada bu addımı atanlar erməni diasporunun təsiri altındadırlar”. Əslində Fransa senatorlarının məlum qanunun qəbul edildiyi ərəfədə Azərbaycana səfəri hakimiyyət üçün arzuolunmaz olub. Lakin səfər əvvəlcədən planlaşdırıldığından hakimiyyət səfəri təxirə salmağa cəsarət etməyib. Çıxış yolunu ənənəyə uyğun oyun qurmaqda görüb. Lakin nəticədə növbəti dəfə uğursuzluğa düçar olub. Çünki bu oyun çılpaqlığı ilə sezilir.