Azərbaycan hökuməti Türkiyəni müdafiə edəcəkmi?
Elxan Şahinoğlu: «Lavrov Irəvanı tərk etməmiş Azərbaycan Xarici Işlər Nazirliyinin xüsusi bəyanatla çıxış etməsinə ehtiyac var»
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşı olduğunu bildirib. Rusiyalı nazir bu fikri Ermənistan prezidenti Serj Sərkisyanla görüşündə səsləndirib.
“Biz paralel kanallar axtarmağı, tərəflərin etimadını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, yalnız diqqəti əsas məsələdən – təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasının qarşısını almaq və siyasi prosesin yenidən başlaması üçün şərait yaratmaqdan yayındıracaq”, – deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin özləri qərar verməlidir, Rusiya və Minsk qrupunun digər həmsədrləri – ABŞ və Fransa isə bu işdə onlara yardım etmək üçün çalışacaqlar.
Ukraynanı ilhaq edən, Suriyaya qoşun yeridən və digər bütün münaqişələrdə iştirakçı olan Rusiyanın xarici işlər naziri öz ölkəsini sülhpərvər bir dövlət kimi təqdim etməklə yanaşı, Türkiyənin əleyhinə də danışıb. Lavrovun sözlərinə görə, aprel ayında Ermənistanla Azərbaycan arasında atəşkəs pozulduğu dövrdə Türkiyə rəhbərliyi sülhə yox, müharibəyə çağırış edib: “Biz Türkiyə rəhbərliyinin belə hoqqalarına öyrəncəliyik”.
Politoloq Elxan Şahinoğlu Lavrovun açıqlamalarını şərh edərkən deyir ki, onun dedikləri Rusiyanın münaqişənin ədalətli həlli ilə bağlı yeni planı və ya təkliflərinin olmadığından xəbər verir: “Lavrovun Irəvana səfərindən çıxan başqa bir nəticə isə budur ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması məqsədilə Kremlin Irəvana təzyiq etmək fikri yoxdur. Məsələn, Lavrov Irəvanda deyib ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi – Azərbaycan rədd edib. Əslində, Azərbaycan Kazan prinsiplərinin əleyhinə deyil. Əksinə, sənəddə rayonların boşaldılmasının, qaçqınların geri qaytımasının və kommunikasiya xətlərinin açılmasının vurğulanması Azərbaycanın maraqlarına cavab verir. Sadəcə, sənəddə statusun müəyyənləşməsi maddəsinə etiraz edirik. Ermənistan isə bu maddəni əlində rəhbəri tutaraq, digər bütün maddələri statusundan asılı vəziyyətə gətirir. Lavrov daha sonra deyib ki, ATƏT sədri olan Almaniya münaqişənin həllində fəallıq nümayiş etdirməlidir. Almaniya fəallıq nümayiş etdirməlidirsə, onda Rusiyanın təkbaşına vasitəçiliyi nəyə lazımdır? Rusiya xarici işlər nazirinin Azərbaycan üçün daha bir ziyanlı fikri budur ki, ”cəbhə bölgəsindəki insidentləri araşdırmaq lazımdır”. Rusiyaya bu lazımdırsa, Azərbaycana lazım deyil. Çünki işğalçı Ermənistanın daim təzyiq altında saxlanılmasının yolu Azərbaycan ordusunun cəbhə bölgəsindəki üstünlüyündən keçir. Lavrov isə əksinə, deyir ki, atəşkəs müddətsizdir və ona riayət etmək lazımdır”.
Politoloq Lavrovun Irəvanda Türkiyə əleyhinə söylədiyi fikirlərin də zərərli olduğunu qeyd edib: “Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirməməlidir, nə qədər mümkündürsə, tərəfdaşlıq münasibətlərini davam etdirməlidir. Lakin bu o demək deyil ki, rusiyalı rəsmilərin hər anti-türk açıqlamasına səbr nümayiş etdirilməlidir: ”Lavrov artıq neçənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyəni hədələyib, Ankaranın açıqlamalarını təxribatçı adlandırıb. Lavrov heç şübhəsiz Ankaranın “biz Azərbaycanın ərazi bütövlüyünü və Bakının işğala son qoymaq siyasətini dəstəkləyirik” ifadəsini nəzərdə tutur. Daha öncə isə Rusiyanın baş naziri Dmitri Medvedyev də Türkiyəni nəzərdə tutaraq, “cəbhə bölgəsindəki münaqişəsini üçüncü qüvvə qızışdırıb” demişdi. Bu da ağ yalandır. Fikrimcə, Lavrov Irəvanı tərk etməmiş Azərbaycanın Xarici Işlər Nazirliyinin xüsusi bəyanatla çıxış etməsinə ehtiyac var. Yaxşı, qoy bəlli səbəblərdən bu bəyanatda Rusiya xarici işlər nazirinin adı çəkilməsin, ancaq onun təxribatçı fikirlərinə etiraz olaraq heç olmasa, bu cümlə yer alsın: “Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mövqeyini Bakı təqdir edir”. Bu cür bəyanat olmasa, belə çıxacaq ki, biz rusiyalı rəsmilərin Dağlıq Qarabağla bağlı Türkiyəni aşağılamalarına etiraz etmirik. Əslində isə bu, Rusiya və ya Türkiyənin məsələsi deyil, tam bizim məsələdir”.
Nigar