Onlar hələ ki, belə görürlər. Neynəmək olar? Zaman bəzilərinin əyin-başını özü biçir, üzünü-gözünü özü taxır. Zaman nə desə, onlar da onu deyirlər. Onlar görənlərə kor deyir, korlara Allah…
“Azərbaycan” qəzeti hikkəsindən “Eldar Namazovun dəstəsi” adlandırdığı Ziyalılar Forumunun ölkədə baş verənləri kəskin tənqid etməsini belə adlandırıb: “Olanları görmək istəməyənlərin narazılığı”.
Qəzet, bəlkə də haqlıdı. Bəlkə də haçansa bu ziyalıların bəziləri “olanları” görmək istəməyiblər. Bəlkə ağrımaq istəmədiklərindən görmək istəməyiblər. Gözlərini yumublar. Bəlkə alimin, yazarın, incəsənət adamının siyasətdən uzaq durması düşüncəsinə qapılıblar, bəlkə ağır gəlib, batman oturublar, bir az səbirli, təmkinli olublar, “bəlkə düzəldi” deyiblər; bəlkə görüblər, ama susublar, öz (Azərbaycanın) ayıbına kor olublar, ölkəni cəhənnəmə çevirənlərin paxırını açmaq istəməyiblər, dost var, düşmən var, el var, hampa var deyiblər və susublar, görməzlikdən gəliblər, hətta özlərini dostlara yaman eləyiblər… Ancaq bıçaq sümüyə dayanıb, görüblər ki, yox e, xeyri yoxdu, susduqca, “juliklərin” eyiblərini demədikcə, yəni “Azərbaycan” demişkən, “olanları görmək istəmədikcə” lap zayı çıxır bu ölkənin, bu millətin, onun elitasının və “görməyə başlayıblar”. Görməyə başlayan gündən də “Azərbaycan” onlara “görmək istəməyən” deməyə başlayıb.
Yaxşı, görəsən qəzet “olanlar” deyəndə nəyi nəzərdə tutur? O hansı yaxşı işlərdi ki, ziyalılarımız onları görmək istəmirlər?
Gənc, ürəyi yalnız vətən sevgisi ilə döyünən gənclərin cibinə narkotik atıb şərləmək, həbs etməkmi? Söz, mətbuat, ifadə, əqidə, toplaşmaq kimi təməl insan haqlarının məhdudlaşdırlmasımı? Bir ovuc yaramazın milyonlar sahibi olmasımı? Oliqarxların güdazına gedən, evləri başlarına uçurulan, qışın oğlan çağında küçələrə tökülən, evinin əvəzində gərəkən kompensasiyanı ala bilməyən Azərbaycan vətəndaşının ah-naləsimi? Baxımsızlıqdan üzü-gözü çürüyən, zabitin kontur payını kəsdiyinə görə canından bezdirilən, ya özünün, ya komandirinin qafasına güllə sıxan, atəşkəs dövründə hər gün biri-ikisi-üçü sadəcə məsuliyyətsizlikdən şəhid düşən Azərbaycan əsgərimi? Siyasi və vicdan məhbuslarının sayının durmadan artmasımı? Əhalini az qala şərəfsizlik eləməyə zorlayan gündən-günə artan bahalıqmı? Bakı kimi mədəniyyət paytaxtı olan bir şəhərdə cəmi 10 ədəd kitab dükanının mövcudluğumu? Korrupsiyanın, rüşvətin dövlətin idarə edilməsi mexanizminə çevrilməsimi? Millətin mənəvi dəyərlərinin gündən-günə aşınmasımı? On minlərlə ziyalının, elm adamının rəzil köləyə çevrilməsimi? Azərbaycan efir məkanını bürüyən bambılı, gerizəkalı, simasız manısların düşük və düşgün həyat tərzinin, şou-biznes barbarlığının gecə-gündüz reklam edilməsimi? Rafiq Tağı cinayətimi? Bərbad vəziyyətə düşən təhsilmi? Ədalətdən başqa hər işə yarayan ədliyyə, sağlamlıqdan başqa hər nə ilə desən insanın karına gələn səhiyyəmi?
Olanlar bunlar və on minlərlə bundan daha dəhşətli faktlarsa… “Olanları görmək istəməyənlər” məhz elə bunları görürlər, ama görmək istəmirlər. Bəs siz nəyi görmək istəmələrini istəyirsiniz? Qayçı, sini və qırmızı lentlərmi? Yaxşı, niyə sizə elə gəlir ki, onlar bunu görsələr, Qarabağ azad, korrupsiya bitmiş, ölkəmiz demokratik olacaq. Siz görürsünüz də, nə olur?
…Nə isə, dünən Rusiyada keçirilən yüzminlik mitinqlə bağlı xəbərə Famil adlı bir oxucunun yazdığı şərhi oxuyub, qəhr oldum, utandım: “Bizdə nə zaman belə izdihamlı mitinq olacaq? Düşünürəm ki, bir də heç vaxt. Çünki bizim millət qorxaqdır”. Gəlin, özümüzü aldadaq, Famil bəyə isə inanmayaq.