Qarşımda bir kitab var. Kitabın üzərində elə beləcə də yazılıb: “Fərrux Rüstəmov – 50″.
Kitabın adını oxuyan kimi içində vəziyyətin nə yerdə olduğunu dərhal başa düşdüm. Azərbaycanda bərkgedən alim, şair, yazıçılar üçün belə yubiley “kitab”ları adi hala çevrilib. Ağır dərddi, sözlə deyiləsi deyil. Ölkədə əlinə beş-üç manat düşən hər kəs özünü nəhəng alim, əvəzsiz ziyalı kimi görür, bunu bütün millətə sırımaq üçün zərrəcə xəsislik eləmir.
“Fərrux Rüstəmov – 50″ janrında kitablar da adətən məhz bu cür ucuz şöhrətpərəstliyin, saxta dahiliyin nəticəsində meydana çıxır. Belə kitablar bir qayda olaraq, şadlıq evlərini xatırladır, boğazdanyuxarı tamada sağlıqlarından ibarət olur və azacıq özünə hörməti, vicdanı olan adamların ürəyini bulandırır, onları iyrəndirir.
Bəs haqqında danışdığımız kitaba bu xüsusi diqqətimin səbəbi nədir? Məsələ burasındadır ki, bu kitab “nəhəng pedaqoq” kimi təsvir edilən, Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin dekanı, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü Fərrux Rüstəmovun anadan olmasının 50 illiyinə həsr olunub və başdan-ayağa əttökən, düşük mədhiyyələrdən ibarətdir. Ən dəhşətlisi isə bilirsinizmi, nədir? Belə bəh-bəhlə mədh olunan adam elmi oğurluqda ittiham edilir. Nəinki ittiham edilir, artıq həmin ittiham öz təsdiqini tapıb
Məsələ belədir: Fərrux Rüstəmovun 2002-ci ildə “Pedaqogika (yeni kurs)” adlı irihəcmli kitabı çap olunub. Sonradan bəlli olub ki, kitab rus alimi I.Podlasıyın “Pedaqoqika (novıy kurs)” (Moskva: “Vlados” nəşriyyatı, 2000) kitabından köçürmədir.
Bundan sonra ölkənin tanınmış pedaqoqları etiraza başlayırlar, onlardan biri – professor Nurəddin Kazımov mətbuatda davamlı çıxışlar edir, ictimaiyyətin (xüsusən də pedaqoji ictimaiyyətin) və əlaqədar qurumların diqqətini məlum plagiatlıq hadisəsinə yönəltməyə çalışır. Amma di gəl ki, daşdan səs çıxır, başbilənlərdən yox. Vəziyyəti belə görən professor məcbur olub 2009-cu ilin əvvəllərində təhsil nazirinə, təhsil naziri isə öz növbəsində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə müraciət edir, agentlik apardığı araşdırmalar nəticəsində təsdiqləyir ki, Rüstəmovun “kitab”ından seçilmiş mətnlər Podlasıyın dərs vəsaitindəki mətnlərlə üst-üstə düşür. Qiymətləndirmənin ilkin nəticəsi isə belə olub: “…”Pedaqogika (yeni kurs)” adlı dərs vəsaiti müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından plagiat sayılır”.
Ortadakı elmi oğurluq faktı rəsmən təsdiqlənməsinə rəğmən Fərrux Rüstəmovun barəsində danışdığımız “sağlıqlar kitabı”nda ilk yazı kimindir, bilirsinizmi? Təhsil naziri Misir Mərdanovun!
Mərdanov elmi oğurluğu, plagiatlığı rəsmi dövlət qurumu səviyyəsində təsdiqlənmiş başabəla alimi belə qiymətləndirir: “Son dərəcə səmimi, geniş ürəkli, həmişə axtarışda olan insan kimi tanıdığım Fərrux müəllim istər elmdə, istər təhsil sistemində, istərsə də həyatda bir çox zirvələri fəth etmişdir…”
Təsəvvür edirsinizmi, bir ölkənin təhsil naziri bunu bir plagiat haqqında deyir! Normal ölkədə belə naziri bir göz qırpımında söylədiklərinə peşman edər, yediyini-içdiyini burnundan gətirər, hətta qolundan tutub vəzifəsindən atardılar. Amma bizdə “çırt” səsi yoxdur.
Ən dəhşətlisi: adı elmi oğurluqda, plagiatlıqda keçən bu adama Ilham Əliyev öz imzası ilə 2006-cı ildə “Tərəqqi” medalı verib. Təsəvvür edə bilirsinizmi? Sizin adınız bir insan və bir alim üçün ən rüsvayçı hərəkətdə – elmi oğurluqda keçir, hətta bu rəsmən təsdiqlənir, amma barənizdə ölçü götürmək, sizi cəzalandırmaq yerinə… sizi prezident sərəncamı ilə mükafatlandırırlar.
Bu, bir təsadüfdürmü? Qətiyyən! Əsla! Bu, Azərbaycanı idarə edən zehniyyətin mahiyyəti haqqında hər şeyi deyir. Bu, Azərbaycanda oğurluğun həyat tərzinə çevrilməsinin göstəricisidir. Ilham Əliyev o sərəncamı ilə demək istəyir ki, “bacardığınız işdə bacardığınız qədər oğurlayın, gerisini düşünməyin, hər oğurluğun əvəzində sizi cəza yerinə mükafat gözləyir”. Niyə?
Niyə olacaq?
Xalqdan hakimiyyəti, büdcədən pulu, buruqdan nefti, insanların gözlərindən gələcəyə ümidi, adamların qəlbindən xoşbəxtliyə, firavanlığa inamı oğurlayan bir hakimiyyət üçün istənilən oğurluq təqdirəlayiqdir. Fərq etməz, elmi oğurluqdur, ya at oğurluğu…
Yetər ki, oğurluq olsun.