Xəbər verildiyi kimi, Fransanın ən iri aviaşirkətlərindən biri “Air France” Azərbaycanda nümayəndəlik açıb. Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar ayında “Air France” dövlət qeydiyyatından keçib. Nümayəndəliyin rəhbəri Fransa vətəndaşı olan Erik Şatarddır
Maraqlıdır ki, bu xəbərlə eyni gündə Azərbaycanda başqa bir aviaşirkətin də dövlət qeydiyyatından keçdiyi barədə məlumat yayılıb. Bu “Silk Way West” MMC-dir. Vergilər Nazirliyindən bildirilib ki, MMC cari ilin yanvar ayında qeydiyyata alınıb. Aviaşirkətin nizamnamə kapitalı 500 min manat təşkil edir. Şirkətin rəhbəri Azərbaycan vətəndaşı olan Kamran Qasımovdur. “Silk Way West” MMC-nin təsisçisi rolunda “Silk Way” aviaşirkəti çıxış edir.
“Silk Way” aviaşirkətinin təsisçiləri isə hakim Əliyevlər ailəsinin üzvləridir. “Silk Way West” MMC ilə “Air France”in eyni vaxtda Azərbaycanda qeydiyyata alınması, həmçinin Əliyevlərin Fransa ilə özəl əlaqələrinin olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, nümayəndəliyin idarə edilməsi ailəyə məxsus adıçəkilən şirkətin əlində olacaq.