Samir Kərimli ARDNŞ-də aşağı vəzifəyə təyinat alıb
Azərbaycanın dövlət neft şirkətinin Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini Samir Kərimli tutduğu vəzifədən azad edilərək başqa işə keçirilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Samir Kərimli Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) aşağı vəzifəyə təyinat alıb.
Samir Kərimlinin MTN-in əks-kəşfiyyat xidmətinin işdən çıxarılan rəisi, general Nizami Şirinovun baldızının oğlu olduğu deyilir. Bundan başqa onun “Gülən şəbəkəsi”nin üzvü olması barədə iddialar var. Ehtimal olunur ki, onun aşağı vəzifəyə təyin olunması da bununla bağlıdır.
Aprelin 19-da isə ARDNŞ-ə yeni təyin olunmuş vitse-prezidentinin təqdim olunma mərasimi keçirilib. Bu barədə məlumatı contact.az yayıb.
Qeyd edək ki, ölkə başçısı Ilham Əliyevin aprelin 18-də imzaladığı sərəncamlarla yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.
Hazırda SOCAR-ın vitse-prezidentlərinin ümumi sayı 12 nəfərə çatıb. Bəhram Hüseynov bundan öncə Xoşbəxt Yusifzəadənin geologiya məsələləri üzrə asistenti, Yaşar Lətifov isə Rövnəq Abdullayevin AÇQ məsələləri üzrə asistenti işləyiblər. Hər ikisi vaxtilə BP-Azərbaycan şirkətində menecer vəzifəsində çalışıblar.
Rövnəq Abdullayev bu dəyişikliklərin SOCAR-ın idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlardan biri olduğunu söyləyib.